Xəbər lenti

Papa XIV Leo ağciyər əməliyyatı keçirib
Dünya00:53 14.10.2026

Papa XIV Leo ağciyər əməliyyatı keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Papa XIV Leonun ağciyərindən düyün çıxarılıb. Qaynarinfo "Deutsche Welle"-ə istinadla xəbər verir ki, Vatikan əməliyyatın uğurla keçdiyini açıqlayıb.

Vatikanın məlumatına görə, Papa XIV Leo çərşənbə axşamı ağciyərindəki düyünün çıxarılması üçün əməliyyat olunub.

Vatikan qısa bəyanatında bildirib ki, əməliyyat planlaşdırıldığı kimi, nəzərdə tutulan vaxt ərzində uğurla başa çatıb.

Vatikan daha sonra açıqlayıb ki, Leonun sağ ağciyərinin aşağı payı çıxarılıb və ona ağciyər adenokarsinoması diaqnozu qoyulub. Bu, ağciyər xərçənginin geniş yayılmış formalarından biridir.

Vatikan qeyd edib ki, əməliyyatdan əvvəl aparılan müayinələr zamanı bu diaqnozdan şübhələnilib və əməliyyat zamanı diaqnoz təsdiqlənib.

Romadakı məşhur Cemelli xəstəxanasında keçirilən əməliyyat təxminən 7 saat davam edib. Bəyanatda Leonun sağalmasının təxminən bir həftə çəkəcəyi bildirilib.

71 yaşlı Leo bazar günü keçirilən dua mərasimində minlərlə inanclının qarşısında səhhətindəki problemi açıqlayıb. Bu, əvvəlki papalarla müqayisədə səhhəti barədə məlumatların açıqlanmasında əhəmiyyətli dəyişiklikdir.

Əvvəllər Vatikan papaların səhhəti ilə bağlı çaşdırıcı və ya həddindən artıq qeyri-müəyyən açıqlamalar verməkdə ittiham olunurdu.

Papanın bütün görüşləri 20 oktyabra qədər ləğv edilib. Onun noyabrda Cənubi Amerikaya planlaşdırılan səfərə çıxacağı gözlənilir.

Onkoloqların sözlərinə görə, belə əməliyyatlar adətən düyünün xərçəng olub-olmadığını müəyyən etmək üçün zəruridir. Lakin xərçəng artıq aşkarlandığına və xəstəlik erkən mərhələdə müəyyən edildiyinə görə, Leonun sağalma proqnozu çox yaxşıdır.

Papa Leo ağciyərindəki düyünün çıxarılması üçün əməliyyat olunub.