Siyasət 15:14 12.09.2022

Filip Rikerin Ermənistan səfərindən çıxan nəticələr (ŞƏRH)

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində Ermənistanda olub. Maraqlıdır ki, Rikerin Ermənistan səfəri üç gün çəkib. O, İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. 

Rikerin İrəvana baş tutan səfərini dəyərləndirən politoloq Turan Rzayev bildirir ki, ABŞ mövcud münaqişənin qısa zamanda bitməsini və tərəflər arasında sülhün əldə edilməsini istəyir:

"Digər tərəfdən, Vaşinqton vasitəçilikdə Moskva və Brüsseldən geri qaldığını da yaxşı başa düşür. Ona görə də rəsmi Vaşinqton Filip Rikeri bölgəyə göndərir və bununla "bölgədə biz də varıq” mesajını verməyə çalışır. Lakin Vaşinqtonun regiona və münaqişəyə baxışı Bakı üçün məqbul və konstruktiv deyil. Onun erməni rəsmilərlə Qarabağ mövzusunu müzakirə etməsi özlüyündə ərazi bütövlüyümüzə hörmətsizlikdir. 



Rikerin səfəri fonunda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsi də müzakirə predmeti olub. Çünki Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ABŞ üçün maraqlıdır. Ermənistanın Qərbə inteqrasiyası və Rusiya təsirindən çıxması üçün bu həyati əhəmiyyət kəsb edən məsələdir. Türkiyə-Ermənistan sərhəddinin bağlı olması hazırda bu prosesə əngəldir. Ankarının mövqeyi isə bu məsələdə Bakı ilə eynilik təşkil edir”. 
 
Bu baxımdan ekspert düşünür ki, İrəvan Rikerdən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-ın vasitəçi olmasını istəyə bilər:

"Bununla belə, Türkiyənin bu məsələdə mövqeyinin dəyişəcəyini düşünürəm. Digər tərəfdən, ABŞ-ın bu məsələyə də yanaşması konstruktiv deyil. Məsələ ondadır ki, Riker Ermənistana səfəri çərçivəsində ilk olaraq qondarma "erməni soyqırımı” memorialını ziyarət edib. Baydenin "soyqırım” ifadəsini dilə gətirməsindən sonra Rikerin də memorialı ziyarət etməsi Vaşinqtonun bu məsələyə real yanaşmasını göstərir”. 

Rüfət Sultan