Səbail rayonunda fəaliyyət göstərən "Organic Bakery” iaşə obyektində oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, restoranın kassa aparatından 312 manat və dəyəri 260 manat olan "Samsung A04” markalı telefon oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər müəyyən edilərək saxlanılıb. Yetkinlik yaşına çatmadıqları üçün onları şərti adlarla təqdim edirik.
Cavad Dəmirov və Şahin Əzimov ilkin dindirmə zamanı əməllərini etiraf ediblər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham elan olunub.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı hər iki müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Onlar qeyd ediblər ki, ac olduqları üçün oğurluq törədiblər.
Məhkəmənin hökmü ilə Cavad Dəmirova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Onun saxlanıldığı 1 gün müddət 2 günə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Şahin Əzimova isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Onun saxlanıldığı 1 gün 2 günə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər