Dünya 18:03 28.06.2022

Finlandiya və İsveç: Türkiyə ilə danışıqlarında irəliləyiş var

Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq istəyinə qarşı çıxan Türkiyə ilə aparılan danışıqlarda irəliləyiş var.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö və İsveçin xarici işlər naziri Ann Linde bildiriblər

NATO rəhbərliyinin Madrid sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı vetosunu ləğv etməyə çağıracaqları gözlənilir. "Biz müsbət nəticə gözləyirik, lakin bu proses daha uzun çəkə bilər",- Linde deyib.

Finlandiya prezidenti Niinisto bir qədər ehtiyatlı davranaraq, danışıqlarda daha çox qarşılıqlı anlaşma olduğunu, lakin Ərdoğan, Yens Stoltenberq və İsveçin Baş naziri Maqdalena Andersson ilə bu gün keçiriləcək görüşdən əvvəl nə nikbin, nə də pessimist olmadığını bildirib. "Ümumi konsensus ondan ibarətdir ki, müzakirələr anlaşma şəraitində davam etdi ",- Niinistö diplomatlar arasında əvvəlki danışıqlara istinad edərək deyib.

Madriddə keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl çıxış edən Ərdoğan bəyan edib ki, Şimali Avropa dövlətləri Türkiyənin narahatlığını nəzərə almalı və NATO üzvü olmaq istəyirlərsə, sadəcə sözdə deyil, əməldə vədlərini yerinə yetirməlidirlər.

Nurlan Hüseynov