Ukrayna partizanları Putinlə öz ərazisində döyüşür.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times”ın
yazısında deyilir. Yazıda qeyd edilir ki, təxribatçıların yeraltı şəbəkəsi Krımda və ondan kənarda Rusiya infrastrukturunu hədəfə alır.
Ateş hər yerdə işləyir
Gənc rus qızla görüşdən qabaq həyəcan içində vurnuxurdu. O, qıza görə narahat deyildi, qız onunçün sadəcə öz missiyasında örtük idi. Tutulsa, nə qədər işgəncəyə məruz qalacağını düşünürdü. Ona diktator Vladimir Putinin şəxsi layihəsini - Krımı Rusiya ilə birləşdirəcək Ukraynanın cənubunda işğal olunmuş ərazilərdən yeni dəmir yolunun tikintisini sabotaj etmək tapşırılıb.
Dəmir yolu tamamlanarsa, Kremlə qoşunlarını və ağır texnikasını qurudan Krıma köçürməyə imkan verəcək, bu da həssas Kerç körpüsündən asılılığı azaldacaq.
Ukrayna silahlı qüvvələri artıq yarımadanı təcrid etməyə, körpüyə iki dəfə zərbə endirməyə, hər üç qatar bərəsini məhv etməyə, Qara dəniz donanmasını məğlub etməyə və Krım hava bazalarına zərbələr endirməyə başlayıb.
Putinin mart ayında yüksək səslə elan etdiyi dəmir yolu tikintisi Kiyevin yarımadanı ruslar üçün yaşayışa yararsız hala gətirmək planlarına mane ola bilər. Yolun Melitopol və Berdyanskdan mövcud olan dəmir yollarını birləşdirəcək yeni hissələri tikilir. Tikinti başa çatdıqdan sonra dəmir yolu Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərindən Krımın Cankoyuna qədər yüzlərlə kilometr birləşdirici relslə 500 km-dən çox uzanacaq.
Ukrayna partizanları bunun döyüşsüz olmasına imkan verməyəcəklərini deyirlər. Bir neçə ay əvvəl gənclər işğal olunmuş ərazilərdə və xaricdə Putinə qarşı mübarizə aparan yeraltı müqavimət hərəkatının bir hissəsi oldular. Onun üzvlərini qismən Kremlə nifrət, qismən də ukraynalı idarəçilərin pul mükafatı təklifləri motivasiya edir.
"Bu alçaqlar mənim sinif yoldaşlarımı və dostlarımı öldürüblər, yaşadığım ərazidə müharibədən qayıdanların hamısı ya şikəstdir, ya da içkiyə qurşanıblar", - partizanlardan biri deyir.
Özünün də tezliklə cəbhəyə göndəriləcəyindən narahat olan adam Rostovda dəmir yolunun tamamlanmış hissələri boyunca həyati əhəmiyyətli rele qutularını yandıraraq qabaqlayıcı qisas almaq qərarına gəlib.
"Mənə necə yandırıcı qarışığı hazırlamağımla bağlı təlimat göndərdilər, hansı qutuda və hansı dəmir yolunda. Qorxdum, əlbəttə ki, biz hamımız FSB tərəfindən tutulmaqdan qorxuruq”, - deyir.
Müqavimət döyüşçüsü geri dönərkən əməliyyat keçirmək məqsədi ilə hədəfinə yaxın bir yerdə qız ilə gəzinti planlaşdırmışdı. Yaxalansa, fikirləşmişdi, deyəcək ki, qızı ötürür. Görüş zamanı o, ərazini öyrənirdi, lakin qız heç nə bilmirdi.
Geri qayıdarkən də eyni marşrutla getdi, ancaq izləndiyini düşünərək, sərnişin qatarına mindi. Bir neçə gündən sonra o, yenidən cəhd etdi, amma yenə də əsəbləri pozuldu. Yalnız dördüncü cəhddə rusiyalı uğur qazana bildi.
"Mən o qutunun yanına getdim, lənətəgəlmiş 20-ci dəfə orada heç kimin olmadığına əmin oldum. Bunu tez etməyə çalışdım, amma 20 dəfə yoxladım! Qutunun yanına getdim. Bu mayeni içinə tökdüm. Sonra özüm də yanmayım deyə cığır çəkdim. "Kibriti çəkib atdım. Yanır. Adrenalinim kəllə-çarxa çıxdı və mən göyə uçdum”, - partizan deyir.
O öz ərazisində Putinlə döyüşən partizan diversantlar ordusuna qoşulub. Bəziləri rus, bəziləri ukraynalı, çoxu Krım tatarları və ya Sovet İmperiyası tərəfindən Stalinin 1944-cü ildə Krımda etnik təmizləmə apardığı zaman səpələnmişlərin nəslindəndir.
FSB ilə oyunlar
Qrupun koordinatorlarından biri deyib ki, "Atəş” Krımın özündə ən güclüdür, lakin Ukrayna sərhədindən min kilometr aralıda Yekaterinburqa qədər uzanır.
Koordinator qrupun ən cəsarətli basqınlarında, o cümlədən ötən ilin yayında Novaya Kaxovkada "Vahid Rusiya” partiyasının qərargahının partladılmasında və Putinin iddia etdiyi dörd Ukrayna vilayətinin işğal olunmuş ərazilərində saxta seçkilər ərəfəsində partiyanın yerli katibinin öldürülməsində iştirak edib.
"Agentlərimiz, məsələn, Mariupolda, əsas mərkəz olan Cankoyda dəmiryol vağzallarında patrul aparır. Rusiyalılar aktiv tikinti işləri aparılan yerlərdə və dəmiryol qovşaqlarının yaxınlığında zirehli transportyorlar, piyada döyüş maşınları və "Tiqr”lərin köməyi ilə sərhəd xəttini müdafiə edirlər”, - deyə hərəkat koordinatoru bildirib.
Qrup adətən ən yumşaq hədəflər olan bir sıra rele qutularını yandırıb, lakin keçən il Rostov və Xersonda magistralın hissələrini də partladıb. Yekaterinburqda partizanlar Şimali Koreya artilleriya döyüş sursatlarının daşındığı dəmir yolunu dağıdıblar.
Agentlər həmçinin Ukrayna hava hücumlarını yüksək dəyərli hədəflərə uyğunlaşdıra bildiklərini deyirlər. İyulun 26-da ATACMS-in Saki Hava Bazasına endirdiyi zərbə onların təqdim etdiyi məlumatlara əsaslanıb. Raketlər sursat anbarını, radiolokasiya stansiyasını və S-400 hava hücumundan müdafiə sistemini məhv edib.
Onlar tez-tez hücumdan sonra videolar yayımlayırlar. Ukraynanın hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsi "Atəş”lə əməkdaşlığı təsdiqləyib.
Qrupun fəaliyyəti onların FSB tərəfindən amansızcasına ovlanmasına səbəb olub və partizan axtarışında bütün kəndin altını üstünə çeviriblər.
"Axırıncı hücumdan sonra işğalçı administrasiyanın Rusiya polisi və FSB Skadovsk ətrafındakı bütün kəndləri yoxlayır, kənd sakinlərini dindirir və onların telefonlarını partizanlarla işbirliyini müəyyənləşdirmək üçün yoxlayırlar”, - hərəkat koordinatoru bildirib.
Rus kəşfiyyatı hətta ona rəğbət bəsləyənləri ifşa etmək üçün saxta "Atəş” teleqram kanalı yaradıb və dəfələrlə hərəkata sızmağa cəhd edib. Qrupun təşkilatçıları işlərini gizli saxlayırlar, ancaq internet vasitəsilə əlaqə qururlar.
"Biz onlarla ünsiyyətimizi dayandırmırıq, lakin əməliyyat zehni oyunları oynamağa çalışırıq", - deyən koordinator "Atəş” Ukrayna kəşfiyyatının onlara təşkilat içindəki potensial casusları müəyyən etməyə kömək etdiyini izah edib.
"Biz onları məlumatla təmin etməyə çalışırıq, göstəririk ki, guya bəzi həssas hədəflərə hücum etməkdə maraqlıyıq", - koordinator əlavə edib.
FSB sızmaq üçün o qədər ümidsizdir ki, bəzən "Atəş”ə sadiqliyini nümayiş etdirmək üçün missiyalar yerinə yetirir.
"Onlar üçün kimisə oğurlamaq və ya nəyisə yandırmaq heç bir problem deyil, bizim xahişimizlə onlar hətta Krımda işə götürmə məntəqəsinə molotov kokteyli atıblar”, - deyə koordinator bildirib.
Bir dəfə rus kəşfiyyatçısı özünü narazı əsgər kimi göstərərək, onunla görüşməyi və bölməsinin texnikasının harada olduğunu göstərməyi təklif edərək əməliyyatçıları tələyə salmağa çalışıb.
"Ateş” seçilmiş yerin cəbhə xəttindən çox uzaqda olduğundan şübhələnərək agenti bütün günü pusquda gözlədib.
Ancaq qrupa görə, "Atəş”lə işləyən əsl narazı əsgərlər də var. Bunlardan biri də Rusiyadakı Armavir aviabazasını lentə alan, həmçinin asfaltda döyüş təyyarələrinin və hücum helikopterlərinin yerini gizli göstərən əsgərdir. Qrup deyir ki, FSB xəbərçisi də var və o, onlara qarşı hüquq-mühafizə orqanlarının hərəkətləri barədə xəbərdarlıq edir.
Kreml bu qruplaşmanı terrorçular kimi tanımaq üçün çox səy göstərib, prokurorların Krımda məktəbdə atışma hazırladığını və "Atəş”lə əlaqəsi olduğu iddia edilən yeniyetməni həbs edib. Ruslar tələbəni atışmanı həyata keçirməyə təşviq etmək üçün saxta Telegram hesabından istifadə ediblər, lakin o, sonda bundan imtina edib.
"Buna görə də onu saxladılar və təbliğat mediasında göstərdilər ki, "Atəş” uşaqları terrora cəlb edir. Biz uşaqlara tapşırıq vermirik. Bu, qeyri-insanidir və bu, onlar üçün çox böyük risk olardı", - koordinator bildirib.
Bu, Krımdakı rus məktəblərindəki müəllimlərin qrupa qarşı dərslər öyrətməsinə mane olmayıb. Şagirdlərdən biri gizli şəkildə müəlliminin sinif yoldaşlarına belə dediyini yazıb: "İndi şəhərdə qara fonda telefon nömrələri və sairə olan, "Atəş”in gözü olmağı təklif edən vərəqələrə rast gəlmək olar. Uşaqlar, bu, özünü partizan elan edən terror təşkilatıdır. Ona görə də belə bir reklam görürsünüzsə, qoparın, cırıb atın! Onlar əsasən gəncləri orduya cəlb edir və Ukrayna ərazisi olan və bizim olan, Rusiyaya qayıdan ərazidə əsgərləri öldürürlər. Elə Rusiyanın özündə də öldürürlər”.
Qeyd edək ki, iyulun 5-də "Atəş” hərəkatının partizanları rusların Şimali Koreyadan sursat daşıdığı dəmir yolu xəttində təxribat törədib və qatarların hərəkəti dayandırılıb.
"Atəş” agentləri Yekaterinburq yaxınlığındakı Trans-Sibir dəmir yolunda da uğurlu əməliyyat keçirə biliblər.
Alpər
Şərhlər