Xəbər lenti

Dünya 16:59 15.04.2024

FT: Aİ ölkələri İrana qarşı yeni sanksiyaları müzakirə edir

Avropa İttifaqı həftə sonu İsrailə qarşı irimiqyaslı raket və pilotsuz uçuş aparatı hücumuna cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə ”Financial Times” məlumat yayıb.

Bazar günü G7 liderlərinin fövqəladə video görüşü ilə yekunlaşan böhran diplomatiyası zamanı Avropa paytaxtları üç fəaliyyət istiqaməti haqqında razılığa gəliblər: İranı pisləmək və İsraillə həmrəylik ifadə etmək; potensial sanksiyalar üçün planlar tərtib etmək; gərginliyin azaldılmasına nail olmaq üçün Tehran üzərində istənilən rıçaqdan istifadə etmək.

Nəşrin mənbələrinə görə, Aİ rəsmiləri son günlər iranlı həmkarları ilə "dəfələrlə əlaqə saxlayıblar”. Onların arasında Aİ-nin baş diplomatı Cosep Borrel ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian arasında söhbət olub və bu söhbət zamanı Tehran vəziyyəti daha da gərginləşdirməməyə çağırılıb.

Aİ xarici işlər nazirləri aprelin 16-da təcili video görüş keçirməlidirlər ki, bu da Brüsselə yeni sanksiyaların tətbiqini qiymətləndirmək imkanı verməlidir.
Bəzi G7 liderləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasını təklif ediblər. Bu, Aİ-nin uzun müddətdir üzərində düşündüyü, lakin ardıcıl olaraq konsensus tapa bilmədiyi bir təklifdir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İranın PUA və raket proqramlarına qarşı sanksiyaları nəzərdən keçirdiklərini bildirib.

Vəziyyətin gələcək inkişafı İsrailin reaksiyasından da asılıdır. Dünən axşam ölkənin hərbi kabineti cavab addımlarını müzakirə etmək üçün toplaşıb. ABŞ G7-nin Baş nazir Benyamin Netanyahunu daha geniş müharibəyə səbəb ola biləcək hərbi addımlar atmamağa inandırmaq səylərinə rəhbərlik edib.

"Bütün tərəflər təmkin nümayiş etdirməlidir. Biz gərginliyin azaldılması istiqamətində işləmək üçün bütün səylərimizi davam etdirəcəyik", - Aİ Şurasının prezidenti Şarl Mişel G7 liderlərinin çağırışından sonra deyib. O əlavə edib ki, mövzu bu həftə Aİ liderlərinin sammitində gündəmdə olacaq.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?