Son illərdə bəzi xərçəng növlərinin gənclər arasında da artması diqqət çəkir. Mütəxəssislərin xüsusilə vurğuladığı qırtlaq (larenks) xərçəngi əksər hallarda günahsız şikayətlərlə qarışan əlamətləri səbəbindən səssiz şəkildə irəliləyir. Üstəlik, xəstəlik irəli mərhələyə çatdıqda tam sağalma çox vaxt mümkün olmur. Bəs qırtlaq xərçəngi niyə sürətlə artır, hansı əlamətlərlə özünü göstərir və nə zaman həkimə müraciət etmək lazımdır?
Qaynarinfo xəbər verir ki, mütəxəssislər hurriyet.com.tr-yə açıqlamada mühüm xəbərdarlıqlar ediblər.
Xərçəng növlərində müşahidə olunan artım artıq yalnız yaşlı əhali ilə məhdudlaşmır. Mütəxəssislər xüsusilə son bir-iki ildə bəzi xərçəng növlərinin gəncləri də hədəf almağa başladığını bildirirlər.
Ən önəmlisi isə odur ki, klassik risk profillərindən kənara çıxan bu mənzərə həyat tərzi dəyişiklikləri, ətraf mühit faktorları və yeni risk amilləri ilə daha da mürəkkəbləşir. Xüsusilə qırtlaq xərçəngi bu dəyişimin ən bariz nümunələrindən biri kimi ön plana çıxır. Erkən əlamətlərin çox vaxt günahsız şikayətlərlə qarışdırılması diaqnozun gecikməsi riskini artırır.
Xəstəlik halları sürətlə artır
Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, dosent Arzu Karaman Koç bildirib: "Xüsusilə son 2-3 ildə klassik xəstə profili sayılan 50 yaşdan yuxarı kişilərlə yanaşı, daha gənc yaş qruplarında və qadınlarda da diaqnoz qoyulan halların artdığını görürük. Bu artım dramatik bir partlayış formasında olmasa da, aydın və diqqətçəkəndir. Erkən yaşda müraciət edən xəstələrdə çox vaxt bir neçə risk faktorunun eyni anda mövcud olduğunu müşahidə edirik".
Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, dosent Eda Tuna Yalçınozan isə deyib: "Son 2–3 ili dəyərləndirdikdə, klassik xəstə profilindən kənara çıxan hallarla daha tez-tez rastlaşırıq. Xüsusilə 40 yaşdan aşağı xəstələrdə və qadınlarda larenks xərçəngi diaqnozu alma göstəricilərində diqqətçəkən artım var. Bu artımın bir hissəsi diaqnostik üsulların inkişafı ilə bağlı olsa da, həyat tərzi dəyişikliklərinin təsiri olduqca qabarıqdır".
1. Niyə artır?
Dosent Arzu Karaman Koç qeyd edib ki, siqaret və alkoqol hələ də əsas risk faktorlarıdır, lakin artıq təkbaşına kifayət etmir: "Qadınlarda siqaret istifadəsinin artması, elektron siqaretlər, qəlyan, hava çirkliliyi, reflü xəstəliyi və HPV kimi virus faktorları da bu artımda rol oynayır".
Dosent Eda Tuna Yalçınozan da siqaret və alkoqolun vacib, lakin yetərli olmadığını vurğulayaraq əlavə edib: "Gənc xəstələrdə xüsusilə reflü və HPV ilə əlaqənin getdikcə daha çox ön plana çıxdığını görürük".
2. Passiv siqaret çəkmə qırtlaq xərçəngi baxımından risk yaradırmı?
Bu suala cavab verən dosent Eda Tuna Yalçınozan bildirib: "Siqaret tüstüsünə uzun müddət məruz qalmaq gırtlaq selikli qişasında xroniki qıcıqlanmaya səbəb olur. Bu vəziyyət zamanla hüceyrə dəyişikliklərini stimullaşdıraraq xərçəng riskini artıra bilər. Xüsusilə ev daxilində passiv siqaret çəkmə qadınlar və uşaqlar üçün ciddi təhlükədir".
Dosent Arzu Karaman Koç da passiv siqaret çəkmənin təsirinin qəti olduğunu vurğulayaraq deyib: "Siqaret çəkməyən, lakin siqaret tüstüsünə məruz qalan şəxslərdə də gırtlaq xərçəngi riski yüksəlir".
3. Üst tənəffüs yolu infeksiyaları ilə qarışdırıla bilərmi?
Dosent Arzu Karaman Koç bunun çox önəmli məqam olduğunu bildirərək qeyd edib: "Larenks xərçəngi erkən mərhələdə səs tutulması, boğazda yanma, qıcıqlanma hissi kimi çox günahsız əlamətlərlə başlaya bilər. Bu səbəbdən xəstələr çox vaxt bunun "keçməyən bir infeksiya" olduğunu düşünərək həkimə gec müraciət edirlər. Xüsusilə 2–3 həftədən uzun sürən səs tutulması infeksiya ilə izah olunmursa, mütləq əlavə müayinələr aparılmalıdır".
4. Boğazda ilişmə hissi, nəfəs darlığı və udma çətinliyi nə deməkdir?
Dosent Eda Tuna Yalçınozan bildirib: "Boğazda ilişmə hissi hər zaman xərçəng demək deyil. Ancaq bu hal uzunmüddətli və getdikcə artandırsa, mütləq araşdırılmalıdır. Nəfəs darlığı və udma çətinliyi adətən xəstəliyin daha irəli mərhələlərində ortaya çıxır və şişin gırtlaq daxilində sahəni daraltmağa başladığını göstərir".
5. Diaqnozun gecikməsi nəyi dəyişir?
Dosent Arzu Karaman Koç gec diaqnozun həm həyat keyfiyyətinə, həm də müalicə imkanlarına ciddi təsir etdiyini deyib: "Erkən mərhələdə aşkarlanan hallarda səs qorunaraq müalicə mümkün ola bilər. İrəli mərhələlərdə isə cərrahiyyə, şüa terapiyası və kimyaterapiyanın kombinasiyası tələb oluna bilər. "Yüz faiz sağalma" ifadəsi tibbi baxımdan düzgün deyil, lakin erkən mərhələli gırtlaq xərçəngində uğur göstəriciləri yüksəkdir".
6. Qırtlaq xərçəngi ölümlə nəticələnə bilərmi?
Dosent Eda Tuna Yalçınozan irəli mərhələlərdə müalicəyə cavabın azala biləcəyini və xəstəliyin həyati risk yarada biləcəyini qeyd edib: "Xüsusilə tənəffüs yollarının tutulması, xəstəliyin yayılması və ümumi vəziyyətin pisləşməsi ölümcül nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən erkən diaqnoz və müntəzəm qulaq-burun-boğaz müayinələri son dərəcə vacibdir".
Aydın
Şərhlər