"Ötən il güzəştli ipoteka kreditlərinin verilməsi üçün 85 milyon manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsi üçün 15 milyon manat olmaqla, cəmi 100 milyon manat məbləğində vəsait sərf olunub".
Qaynarinfo xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat məbləğində vəsait ayrılıb.
"2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat və ya büdcəsi xərclərinin 19,6 faizi həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi təmin olunub”, deyə S.Babayev qeyd edib.
Nazir, həmçinin investisiya xərclərinin 1,7 milyard manatının infrastruktur təyinatlı layihələrin, 303 milyon manatının sosial sferaya aid olan obyektlərin, 98 milyon manatının ölkənin müdafiə, məhkəmə, hüquq-mühafizə və digər sahələri üzrə obyektlərin tikintisinə, yenidənqurulmasına və əsaslı təmirinə yönəldildiyini vurğulayıb.
Vüqar
Şərhlər