İstanbulda Yaponiya və Cənubi Koreya vətəndaşlarını saxta investisiya və "FOREX" əməliyyatları vədi ilə aldatdığı iddia edilən beynəlxalq cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanların sayı 56 nəfərə çatıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun 112 Təcili Çağırış Mərkəzinə daxil olan müraciətlər əsasında başladığı istintaq zamanı Şişli rayonundakı ticarət mərkəzlərindən birində "Vend Teknoloji" adı altında fəaliyyət göstərən şirkətin xarici ölkə vətəndaşlarını saxta investisiya və "FOREX" əməliyyatları vasitəsilə aldatdığı müəyyən edilib.
İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin apardığı araşdırmalar nəticəsində şirkətin formal olaraq çağrı mərkəzi kimi fəaliyyət göstərdiyi, əslində isə əsasən Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəfə alan beynəlxalq dələduzluq sxemi həyata keçirdiyi bildirilib.
İstintaq zamanı şirkət rəhbərlərinin telefonlarında çoxsaylı fərqli istifadəçi hesabları aşkar edilib. Həmçinin şirkətin bank hesablarına gündəlik təxminən 1 milyon ABŞ dolları vəsait daxil olduğu, cinayət yolu ilə əldə edilən gəlirlərin isə Türkiyə ərazisində leqallaşdırıldığı müəyyən olunub.
Toplanmış sübutlar əsasında ticarət mərkəzində yerləşən rezidensiyada keçirilən əməliyyat zamanı axtarış və müsadirə tədbirləri həyata keçirilib. Əməliyyat nəticəsində ümumilikdə 56 şübhəli saxlanılıb.
Saxlanılanlardan 49 nəfərin Türkiyə, 7 nəfərin isə xarici ölkə vətəndaşı olduğu bildirilib. Xarici vətəndaşlar arasında üç Azərbaycan, bir Qırğızıstan, bir Özbəkistan, bir Cənubi Koreya və bir Yaponiya vətəndaşı var.
Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarı Qanununun pozulması, cinayətkar təşkilat yaratma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə istintaq davam etdirilir.
Aydın
Şərhlər