Xəbər lenti

Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Sağlamlıq 08:45 29.07.2026

Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı

Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar – kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır.

Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçün faydalı qəlyanaltılardan biri qovrulmuş noxuddur. Bu məhsul ürək sağlamlığını dəstəkləyən qida maddələri ilə zəngindir, eyni zamanda natrium, doymuş yağ və şəkərin miqdarı nisbətən azdır. Üstəlik, onu ev şəraitində hazırlamaq da olduqca asandır.

Qovrulmuş noxudun ürəyə faydaları

Xolesterinin tənzimlənməsinə kömək edir

Qovrulmuş noxud həll olunan liflə zəngindir. İdman diyetoloqu Roksana Ehsaninin sözlərinə görə, bu lif növü "pis" LDL xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Lif həmçinin həzmi ləngidir və qanda şəkərin səviyyəsinin daha sabit qalmasına şərait yaradır. Bu isə qlükoza səviyyəsində kəskin dəyişikliklərin qarşısını almağa kömək edərək ürək sağlamlığını dəstəkləyir.

Kardioloq Kolambus Batistin sözlərinə görə, noxudun tərkibində yüksək miqdarda rezistent nişasta da var. Bu səbəbdən onun qlisemik indeksi aşağıdır və qan şəkərinə təsiri minimaldır.

Doymuş yağ azdır

Noxud təbii olaraq az miqdarda doymuş yağ ehtiva edir. Bununla yanaşı, onun tərkibində ürək üçün faydalı hesab olunan çoxlu doymamış yağ turşuları mövcuddur.

Roksana Ehsani qeyd edir ki, doymuş yağların çoxlu doymamış yağlarla əvəz olunması LDL xolesterinin və triqliseridlərin səviyyəsinin azalmasına kömək edir. Bu isə ürək-damar xəstəlikləri riskini aşağı salır.

Antioksidantlarla zəngindir

Kolambus Batistin sözlərinə görə, noxudun tərkibində polifenollar, izoflavonlar və bioxanin A kimi bitki mənşəli birləşmələr var.

Bu antioksidantlar qan damarlarının divarlarında iltihabı azaltmağa, damarların daxili qatında azot oksidinin sintezini artırmağa kömək edir. Nəticədə damarlar daha rahat genişlənir və qan dövranı yaxşılaşır.

Qan təzyiqini dəstəkləyir

Noxud kaliumla zəngindir. Kalium böyrəklərin artıq natriumu orqanizmdən xaric etməsinə kömək edir və damar divarlarındakı əzələləri rahatlaşdıraraq qan təzyiqinin tənzimlənməsinə dəstək verir.

Bundan əlavə, noxud maqnezium mənbəyidir. Maqnezium damarların genişlənməsinə, ürək ritminin sabit qalmasına və ürəyin normal fəaliyyətinə kömək edən mühüm minerallardan biridir.

Qovrulmuş noxudu evdə necə hazırlamaq olar?

Qovrulmuş noxudu hazır şəkildə almaq mümkün olsa da, onu evdə hazırlamaq həm daha sərfəlidir, həm də istifadə olunan inqrediyentlərə nəzarət etməyə imkan verir.

Hazırlamaq üçün duzsuz konservləşdirilmiş və ya əvvəlcədən bişirilmiş noxuddan istifadə etmək tövsiyə olunur.

Hazırlanma qaydası

* Sobanı 220 dərəcə Selsiyədək qızdırın və soba sinisini perqament kağızı ilə örtün.
* Noxudu yaxşı yuyun və xırtıldayan olması üçün tam qurudun.
* Böyük qabda noxudu bitki yağı ilə qarışdırın, zövqünüzə uyğun ədviyyatlar və göyərti əlavə edin.
* Təxminən 30 dəqiqə sobada bişirin, arabir qarışdırın. Noxud qızılı rəng alıb xırtıldayan olduqda hazır hesab olunur.

Şirin dad sevənlər üçün diyetoloq Roksana Ehsani avokado yağı ilə birlikdə darçın, hil və ya kakao tozu əlavə etməyi tövsiyə edir. Bu kombinasiya həm fərqli dad yaradır, həm də qəlyanaltını daha aromatik edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->