Aqşin YENİSEY
Ölkə 11:20 01.04.2022

İnsan ədəbi sərvət olaraq tükənibmi?

Aqşin Yenisey

Bu gün inkişaf etmiş Qərb ölkələrində elmi-fantastik ədəbiyyat xüsusi çəkiyə malikdir. "The New York Times Bestsellers” seriyasında nəşr olunan romanların böyük əksəriyyəti naməlum planetlərin sakinlərindən bəhs edir. Bu ədəbiyyat artıq yer kürəsindəki insanla maraqlanmır, onun yerdənkənar taleyinə fokuslanıb. Sanki yerdəki insan artıq ədəbiyyat üçün ədəbi sərvət olaraq tükənib.

Bizə, yəni üçüncü dünya ölkələrinin ədəbiyyatına gəlincə, ədəbi halımızı amerikalı ədəbiyyatşünas Fredrik Ceymison "milli alleqoriya” dediyi ifadə ilə belə izah edir ki, üçüncü dünya ölkələrinin ədəbiyyatları mütləq şəkildə milli məsələyə diqqət yetirir. Bu ölkələrin ölkə, millət, kimlik kimi problemləri hələ həll olunmamış qaldığı üçün bu coğrafiyada doğulub boya-başa çatan ədəbi personajların acısı, sevinci və bir sözlə həyatı, əslində, öz xalqlarının, ölkələrinin taleyindən azad deyil. Ona görə də bu personajların hekayələri və tarixçələri, əslində, onların öz "millətləri”, "xalqları” ilə bağlı alleqoriyalardır. Siyasət, kollektiv tarix və şəxsi təcrübə mütləq şəkildə bu ölkələrin mətnlərində istər-istəməz iç-içə keçir. Üçüncü dünya mətnləri milli alleqoriya şəklində siyasi bir üsluba sahibdir; fərdi qəhrəmanın taleyi həmişə üçüncü dünya mədəniyyətində və cəmiyyətində mübarizə aparan toplumun alleqorik ifadəsidir. 
Yəni Ceymison deyir ki, biz azərbaycanlıların da daxil olduğu ücüncü dünya ölkələrinin böyük ədəbiyyat yaratmaq şansı yoxdur. Biz ədəbiyyatda hələ milli problemlərimizi çək-çevir etməklə məşğuluq. Milli problemlərdən sıyrılıb bəşəri problemlərə köklənən böyük ədəbiyyata gedən yolun başlanğıcındayıq. Ola da bilər ki, biz əbədi olaraq bu başlanğıcda qalaq. Heç o böyük ədəbiyyat okeanına çıxış əldə edə bilməyək. Çünki ədəbiyyatımızın problem kimi gördüyü mənzərəni cəmiyyətimiz öz mədəniyyəti kimi qəbul edir. Sabiri, Cəlili, Hacıbəyovu, Axundovu "ölməyə” qoymayan da bu kütləvi düşüncə tərzidir.
Bu barədə bir az ətraflı.

Hələ yüz il əvvəl dünya ədəbiyyatına ilk mürəkkəb qadın xarakterlərini gətirsə də, bütün ömrünü "niyə evlənmirsən” sualının xəcalətini çəkə-çəkə evdə anasının, kənarda fahişərlərin yanında keçirən, bəlkə də, bu kəskin "ana və fahişə” yerdəyişmələrinə görə özünün dünyaca məhşur qadın qəhrəmanının timsalında qadın təbiətinin ikiləşmə xüsusunu açıb-ağartdığı üçün "əxlaqsızlıq çarçısı” kimi mühakimə və müzakrə olunan fransız romantik-realisti, öz həyat tərzinin düşkünlüyünə: "böyük sənətkar şamı hər iki ucundan yandırır. O, həm də pozğun həyat tərzi sürməlidir ki, bununla yaradıcı fantaziyasını qamçılasın” fikriylə haqq qazandıran Qüstav Flober layiq olmadığı dəbdəbəyə yerikləməsində həyatının məişət bozluğunu, tez-tez xəyanət yanğısının oyanmasında ərinin nəvazişlərini, qucaqdan-qucağa düşməsində həmişə eyni forması və eyni dili olan ehtirasın əbədi yeknəsəqliyini, cəsarətsiz itaətin qadın üçün etdiyi xəyanətin cəzası olmasını, eyni zamanda bağışlanma arxayınlığı yaratmasını və nəhayət, öz əxlaqsız həyat səyahətinə çıxmasında hər həzzin bezginliklə, hər öpüşün daha nəşəlisini axtarmaq tamahı ilə bitməsini günahlandıran Madam Bovari kimi xislətində müqəddəsliyi və şübhəni, xəyanəti və göz yaşını, əyaləti və Parisi birləşdirən ziddiyyətli qadın obrazını yaratmasına baxmayaraq, ədəbiyyatın gələcəyi haqqında deyirdi: "Gələcək ədəbiyyat elmlə incəsənətin nikahından yaranacaq”.

Bura çatanda oxucunun təngnəfəsliyini anlayıram; bir yazıçının həyat və yaradıcılığını bir cümləyə sığdırmaq cəhdi nəfəskəsici işdir.

Flober "Madam Bovari”də hiss etdi ki, yalnız insana aludəçilik ədəbiyyatı çürükçülüyə aparır. Onun rus müasiri Dostoyevski isə bunun tam əksini düşünürdü, amma bu da gerçək fikirdir ki, rus klassiki insan dedikdə yalnız özünün kortəbii aləmi ilə girinc-giriftar olan rus insanını nəzərdə tuturdu. Dünya ədəbiyyatında öz millətinin heysiyyatına bu qədər düşkün olan ikinci bir yazıçı tapmaq mümkün deyil, hətta o, Semipalatinsk katorqasında dost olduğu qırğız alimi Vəlixanova, ayağında dəmir kündə İrtış çayında köhnə gəmiləri sökə-sökə min bir müsibət içində şaxtalı sularda əsə-əsə: "Şərqin sizin kimi avropasayağı düşünən insanlar öz xalqlarının Rusiya ilə yaxınlaşmasına kömək etməlidir” deməyi də unutmurdu.

Ancaq Floberdən və Dostoyevskidən təxminən yüz il sonra Stanislav Lem, Ayzek Azimov kimi yazıçılar ədəbiyyatın ənənəvi axtarış aləmi olan surətlər, xarakterlər aləmindən uzaqlaşıb, elmin anlayışlar aləminə yaxınlaşdılar. XX əsrdə insan ədəbi sərvət kimi, sanki tükəndi. Ədəbiyyatda onun xarakterinin, taleyinin yerini avtotəkamül ideyasının sübut etməyə çalışdığı virtual reallıqların mövcudluğu, süni zəkanın yaradılmasının mümkünlüyü kimi fantastik iddialar tutdu.

Məsələn, Stanislav Lem "Solyaris” romanında dini dünyagörüşün bəşər övladının son apokaloptik dayanacağı kimi müəyyən etdiyi əbədi fantastik məkanların, cənnət və cəhənnəmin yerinə kosmosun əngilliklərində kəşf olunan "Solyaris” planetini təklif etdi ki, bu planetin də materiyası ümumilikdə düşünən beyindən, nəhəng təfəkkür laylarından ibarət idi. "Solyaris” Hegelin "Mütləq zəka”sı kimi bütövlükdə bir fövqəlzəka olaraq, ona təşrif gətirmiş insanlara onların təfəkkürünün, yaşantılarının, hiss və emosiyalarının, xarakterlərinin burda, kosmik məkanda acizliyini, cılızlığını, bitib tükənməyən şöhrətpərəstlik və xudbinlik buxovunda vurnuxduqlarını göstərməyə çalışır, onlara yerdənkənar intellektul fəzada heç kim, heç nə olduqlarını özünün apatik, yəni soyuqqanlı münasibəti ilə sərgiləyirdi. "Solyaris” planeti dini kitablardakı Allah obrazının trafareti idi.

Bəlkə də, fantastik cəhdlərə meyil bəşəriyyətin psixoloji antisipasiyasıdır. Çıxılmazlıq həyəcanından doğan xilasolma uzaqgörənliyidir. İnsanın "orda bir kənd var, uzaqda, getməsək də, varmasaq da, o kənd bizim kəndimizdir” kimi yaradıcı təxəyyülünün gözləntisidir.

Nədənsə ədəbiyyatla elmin görüşü həmişə reallığın gözündən, qulağından uzaq bir yerdə baş tutur; ya ədəbiyyat elmi xəlvətə, mifik mövzuların arxasınca qaranlıq keçmişə, Allahların yaşadığı Olimp dağının ətəklərinə, ya da elm ədəbiyyatı fantastik mövzuların işıqgələn səmtinə, gələcəyə, Solyaris planetinin "beyin qırışlarının” dolanbaclarına çağırır. Mifdə və dində Allah, dastanda yarımallah-yarıminsan, romanda insan, fantastikada fantom şəklində təsvir olunan ortaq qəhrəman insanın təxəyyül hiperbolasında bir fantastik aləmdən başqa bir fantastik aləmə doğru əbədi səyahətdədir.

Təbii enerji resursları tükəndikcə, bəşəriyyətin mənəvi böhranı da dərinləşir. Döyüş meydanlarında dövlətləri terror təşkilatları əvəz edir. Siyasi qəbzolmalar kəskinləşir. Müqəddəs kitablar savaş nizamnamələri kimi təbliğ olunur. Məhkəmə sistemlərini şəxsi mühakimələr əvəz edir. Sıravi xarakterlər ilahiləşir. İnsan Allahın təəssübkeşi deyil, özü olmağa iddia edir. Apokaliptik zorakılıqlar gündəlik həyat tərzinə çevirilir. Fantastik final kimi düşünülmüş Qiyamət səhnəsi dekorativ təsəvvürlərdən reallığa çevrilir. Bu dəfə realizm dində baş verir. Belə böhranlı tarixi qəbzolmalarda, Lunaçarskinin fikrincə desək, ilk növbədə, yaradıcı təxəyyül yeni xoşbəxtlik axtarışına çıxır.

Köhnə xoşbəxtliklərin darmadağın edildiyi məkan və zaman yaşamaq üçün artıq təhlükəlidir; yeni zamana və yeni məkana qaçış. Özünün fantastik təxəyyülündə "Solyaris” adlı planetin kəşfini də Lem müsahibələrinin birində insanın dünyadan xilasolma ideyası ilə əlaqələndirir: "...insan artıq dünyada yaşaya bilmir, amma ölmək də istəmir”. Bu fantastik köçmənlik ideyası kosmosun və okean dibinin fəthindən uzun illər əvvəl klassik elmi fantastikanın üç atasından biri sayılan Jül Vernin əsərlərində insanın təxəyyül antisipasiyasının nəticəsi kimi sualtı qayıqların, kosmik gəmilərin real təsviri ilə üzə çıxırsa, heyvanlarda bu hal uzun illərin həyat təcrübəsi nəticəsində qazanılan irsi özünüqoruma aktı kimi baş verir.

Uzun illər savannanın açıq ərazilərində ovçu tüfənglərinə rahat hədəf olan fillər, nəhayət, "başa düşdülər” ki, onları qırğına verən bu açıq-saçıq düzənlərdir və bu düzənlərdən köçmək lazımdır, beləliklə, təbiət tarixində "fillərin böyük köçü” baş verdi; fillər xortumlarını aşağı sallayaraq, qüssə və ümid içində nisbətən meşəni xatırladan kollu-koslu yerlərə köçdülər.

Mifyozan Qadamer mifləri insanlığın ilkin fikirləri adlandırırdı, qoy fantastik öncəgörmələr də insanlığın son fikirləri olsun. Onsuz da, insan hər iki halda köməksizdir. Keçmiş mifologiyada o, allahların iradəsinə tabe idisə, gələcəyin fantastik məkanı olan "Solyaris”lərdə, ümumiyytlə, heç kimə çevrilir. Antik təfəkkür ölüm allahı Aidin səltənətindən səslənən Axillin kölgəsinin dirilərə xəbərdarlıq kimi hayqırdığı sözlərlə deyirdi ki, miflər və fantomlar səltənətində hökmdar olmaqdansa, yer üzündə muzdur olmaq yaxşıdır. Bu, antik ölünün həyat haqqında nostaljisi idi.

Müasir insan isə ölü Axillin həsrətini çəkdiyi bu yer üzündən xilas olmağa çalışır, onun, istər elmi, istər dini arzusu özünü başqa dünyalara hazırlamaq, daşımaqdır. Ona görə də ideya ölüm üçün son məqsədə yox, təsadüfi bəhanəyə çevirilir. Birinci Dünya müharibəsidə xalqların, İkinci Dünya müharibəsində şəxsiyyətlərin mənafeləri toqquşurdusa, başlamaqda olan Üçüncü Dünya müharibəsi sıravilərin arasında baş verir. Bəşəriyyət lütlənir. Alman rəssamı Hans Memlinqin "Axırıncı məhkəmə” əsərində olduğu kimi. 

Təəssüf ki, bütün bunlar bizim də təmsil olunduğumuz üçüncü dünya ölkələrinin ədəbiyyatına uzaq mövzulardır. Biz öz romanlarımızda, hekayələrimizdə hələ Allahverən kişinin uşaqpulu, işıqpulu problemini həll etməliyik. Solyaris planeti qaçmır!