Xəbər lenti

Gündə bir ovuc qoz yemək ürək sağlamlığını yaxşılaşdırır
Sağlamlıq 22:59 30.06.2025

Gündə bir ovuc qoz yemək ürək sağlamlığını yaxşılaşdırır

Yeni bir araşdırma göstərib ki, gündəlik olaraq 12 həftə ərzində bir ovuc qoz yemək iştirakçılarda ümumi xolesterin səviyyəsini, xüsusilə də pis xolesterini aşağı salıb.

Qaynarinfo xəbər verir ki, Pensilvaniya Dövlət Universitetindən Trişa L. Hartın rəhbərlik etdiyi araşdırmada metabolik sindrom riski daşıyan 138 yetkin iştirak edib. Bu barədə "Earth” nəşri məlumat verir.

Tədqiqatçılar iştirakçıları iki qrupa bölüblər: birinci qrup adi qəlyanaltı rejimini qoruyub saxlayıb, ikinci qrup isə çips və peçenye kimi qəlyanaltıları duzsuz, çiy qozla əvəzləyib (təxminən 57 qram gündəlik).

Araşdırma müddətinin sonunda ikinci qrupda pis xolesterin səviyyəsi 7 mq/dl, triqliserid səviyyəsi isə 16 mq/dl azalıb. Digər qrupda isə ciddi bir dəyişiklik müşahidə olunmayıb.

Bir ovuc qozda təxminən 12 qram ürək üçün faydalı monodoymamış yağlar, müxtəlif polifenollar və 34 mq maqnezium mövcuddur.

Texas Ürək İnstitutundan kardioloq Metyu Seqar bu barədə belə deyib: "Onlar yeməkdən sonra yaranan triqliserid sıçrayışlarını azaldır. Bu, çox vacibdir, çünki bu cür müvəqqəti yağ artımları uzun müddətdə ürək xəstəliklərinin inkişafına səbəb ola bilər".

Qozun yağ tərkibinin təxminən 60%-i olein turşusundan ibarətdir. Qəlyanaltı kimi istifadə edilən rafinə olunmuş karbohidratların bu tərkibdə yağ turşuları ilə əvəz olunması qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlərin sintezini azalda bilər ki, bu da pis xolesterinin yaranmasının qarşısını alır.

Trişa Hartın araşdırmasında ümumi xolesterin səviyyəsinin 3,6% azalması kiçik bir rəqəm kimi görünsə də, pis xolesterinin 5 mq/dl azalması 5 il ərzində ürək-damar hadisələri riskinin təxminən 4% azalması deməkdir.

Kardioloq Brett Viktor isə belə deyib: "Bu araşdırma göstərdi ki, zərərli qəlyanaltıların sağlam olanlarla – o cümlədən qozla – əvəz edilməsi, ürək üçün faydalı bir qidalanma modelini təşviq etməyin yollarından biridir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->