Xəbər lenti

İntiqam Soltan
Sənət 18:10 08.07.2026

İntiqam Soltan "Mahir"dən danışdı: "Onun faciəsi məhz buradan başlayır"

Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan "Xəyanət" serialında canlandırdığı Mahir obrazının cəmiyyətə verilən ciddi mesaj daşıdığını deyib. 

Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, obrazın məqsədi müəyyən sosial problemlərə diqqət çəkməkdir:

"Bu gün cəmiyyətdə Mahir kimi insanların yetişməsi üçün münbit şərait yaranıb. Biz həmin şəraiti aradan qaldırmalıyıq. Mahir obrazı məhz buna görə yaradılıb və cəmiyyət üçün bir xəbərdarlıqdır".

İntiqam Soltanın sözlərinə görə, son illər ailə institutunda baş verən dəyişikliklər uşaqların tərbiyəsinə də təsirsiz ötüşmür:

"Ailə modelinin formasını dəyişmək istədilər, amma nəticədə ailə institutuna zərbə vuruldu. Bu gün qısaömürlü nikahlar və tez dağılan ailələr adi hala çevrilib. Mahir obrazı da məhz belə mühitdə böyüyən bir insanın psixologiyasını göstərmək üçün yaradılıb".

Aktyor bildirib ki, serial hazırda yayımlanır və yeni mövsümdə də davam etdirilməsi nəzərdə tutulur: 

"Bildiyimə görə, serial gələn mövsümdə də davam edəcək. Ola bilər ki, Mahir obrazının hekayəsi yekunlaşsın. Məncə, obraz artıq öz missiyasını yerinə yetirib. Onu süni şəkildə uzatmaq düzgün olmaz. Obrazın sonu ilə bağlı qərarı isə ssenarist verir".

İntiqam Soltan qeyd edib ki, ssenari üzərində işləyərkən Mahir obrazının tərbiyəvi məzmun daşımasına xüsusi diqqət yetirilib:

"Biz ssenaristlə birlikdə çalışdıq ki, Mahir obrazı sadəcə mənfi qəhrəman kimi yox, həm də cəmiyyət üçün xəbərdarlıq funksiyası daşısın. O, aldığı psixoloji travmalar nəticəsində qadınlara qarşı patoloji nifrət hissi formalaşdıran bir insandır".

Aktyorun sözlərinə görə, obrazın taleyində ailə mühitinin həlledici rolu göstərilir:

"Ata-ana sevgisindən məhrum böyüyən, ailədə sağlam münasibət görməyən uşaqların gələcəkdə ciddi psixoloji problemlərlə üzləşmə ehtimalı daha yüksək olur. Mahirin faciəsi də məhz buradan başlayır. Serialın sonunda onun anasına verdiyi "Mənim atamı tanıyırsanmı?" sualı bütün bu faciənin kulminasiya nöqtəsidir".

Əməkdar artist hesab edir ki, serial ailə dəyərləri ilə bağlı ictimai müzakirələrin genişlənməsinə töhfə verə bilər.

İntiqam Soltan bir müddət əvvəl keçirdiyi açıq ürək əməliyyatından sonra səhhətinin tədricən yaxşılaşdığını da bildirib:

"Çox ağır dövr keçirdim. Artıq teatra gedirəm. Həkimlər işləməyimə icazə veriblər. Yeganə şərt əsəblərimi qorumağım və ağır fiziki hərəkətlərdən çəkinməyimdir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->