İranda apellyasiya məhkəməsi məcburi hicab qaydasına əməl etmədən çıxış edən tanınmış müğənni Pərəstü Əhmədiyə verilən 74 şallaq cəzasını təsdiqləyib. Bu barədə onun vəkilləri məlumat verib.
Qaynarinfo xəbər verir ki, 29 yaşlı Pərəstü Əhmədi 2024-cü ilin dekabrında "YouTube" kanalında canlı yayımlanan konsertdə qolsuz paltarda çıxış edib. İranda qadınların ictimai yerlərdə musiqi ifa etməsi qadağandır, həmçinin qadınlardan baş örtüyü və bədəni örtən geyimlər tələb olunur.
Əhmədinin çıxışının sosial şəbəkələrdə sürətlə yayılmasından və milyonlarla baxış toplamasından sonra İranın məhkəmə orqanları onun barəsində araşdırmaya başlayıb. Hakimiyyət çıxışın "ölkənin hüquqi və mədəni qaydalarını pozduğunu" bildirib.
İyunda Qum şəhərindəki cinayət məhkəməsi Əhmədini, eləcə də onun qrupunun və prodakşn heyətinin səkkiz üzvünü "ictimai əxlaqı təhqir etmək" və "ədəbsiz və nalayiq materialların yayılması" da daxil olmaqla bir sıra ittihamlar üzrə təqsirli bilib.
Əhmədiyə 74 şallaq cəzası ilə yanaşı, iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib.
Vəkillərin sözlərinə görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti cümə günü daha yuxarı instansiya tərəfindən məhkəmə iclası keçirilmədən rədd edilib.
Vəkillərdən biri BBC-yə bildirib ki, onların fikrincə, konsertin keçirilməsi ümumiyyətlə cinayət hesab edilməməli idi. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi bu ittihamlar üzrə mümkün olan ən ağır cəzalardan birini tətbiq edib, halbuki cərimə və daha yüngül sanksiyalar da nəzərdə tutula bilərdi.
Vəkil əlavə edib ki, apellyasiya məhkəməsinin iclas keçirmək imkanı olsa da, bunu etməyib və hökmü qüvvədə saxlayıb. Onun fikrincə, qərarın əsas məqsədi oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq ola bilər.
İlkin hökm barədə xəbər İranda sosial şəbəkələrdə geniş reaksiyaya səbəb olub.
Mühacirətdə yaşayan müğənni Ququş həmin vaxt "Qoy bu qaranlıq günlər sona çatsın, qadınlar necə yaşayacaqlarını və necə geyinəcəklərini seçmək azadlığını geri qazansınlar və bədii ifadə azadlığı yenidən əziz vətənimizdə çiçəklənsin" deyə yazıb.
Musiqiçi Hüseyn Əlizadə isə Pərəstü Əhmədinin əvəzinə 70 şallaq zərbəsini qəbul etməyə hazır olduğunu bildirib.
Aydın
Şərhlər