Xəbər lenti

İran müharibəsi ərzaq qiymətlərində yeni
Dünya 23:15 20.03.2026

İran müharibəsi ərzaq qiymətlərində yeni "şok" yarada bilər - Ən riskli ölkələr

İranda davam edən müharibə inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin kəskin artımına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" агентliyi məlumat yayıb.

Məlumata görə, münaqişə fonunda gübrə tədarükünün pozulması və enerji qiymətlərinin sürətlə artması bu ölkələrdə ərzaq qiymətlərinin yenidən sıçrayış etməsi riskini yaradır. Bu isə onların iqtisadi inkişafını illərlə geri ata bilər.

Qeyd olunur ki, bu vəziyyət bir çox inkişaf etməkdə olan ölkələrin pandemiya və Ukraynadakı müharibənin yaratdığı əvvəlki qlobal sarsıntılardan yeni bərpa olunmağa başladığı dövrə təsadüf edir.

İnkişaf etmiş ölkələrdə ərzaq və yanacaq xərcləri istehlak səbətinin dörddə birindən az hissəsini təşkil etdiyi halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici 30–50 faiz arasında dəyişir.

Əsas risk gübrə tədarükü ilə bağlıdır

Qlobal ərzaq qiymətlərinin sabitliyi üçün əsas təhlükə gübrə bazarı ilə bağlıdır. Tehran tərəfindən faktiki bloklanan Hörmüz boğazı dünya gübrə ticarətinin təxminən 30 faizinin daşınmasını təmin edir. Körfəz ölkələri isə ammonyak və karbamid kimi məhsulların əsas tədarükçüləridir.

"Bank of America" xəbərdarlıq edir ki, münaqişə qlobal karbamid tədarükünün 65–70 faizinin dayanmasına səbəb ola bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqtisadçısı Maksimo Torero bildirib: "Bu vəziyyət əkin prosesinə təsir edəcək, nəticədə dünyada əsas kənd təsərrüfatı məhsullarının, yemlərin, eləcə də süd və ət məhsullarının təklifi azalacaq".

Həssas ölkələr

Yanacaqdan fərqli olaraq, gübrə üzrə strateji qlobal ehtiyatlar mövcud deyil və bəzi ölkələr bu baxımdan daha həssasdır. Latın Amerikası nisbətən qorunsa da, Braziliyanın kənd təsərrüfatı naziri Karlos Favaro ölkədə gübrə tədarükü ilə bağlı problemlərin yarana biləcəyini bildirib.

Ən riskli ölkələr sırasında Somali, Banqladeş, Keniya və Pakistan göstərilir. Bu ölkələr böyük gübrə ehtiyatı saxlamır və əsasən Körfəz regionundan idxaldan asılıdır. FAO-nun məlumatına görə, Keniyada gübrə qiymətləri artıq təxminən 40 faiz artıb.

Ruanda da əsasən Körfəz ölkələrindən asılı olduğu üçün kənd təsərrüfatını qorumaq məqsədilə əlavə tədbirlər nəzərdən keçirir.

Qiymət artımının zəncirvari təsiri

Gübrə qiymətlərinin artması və ya çatışmazlığı məhsuldarlığın azalmasına səbəb ola bilər. Eyni zamanda enerji qiymətlərinin yüksəlməsi istehsal və daşınma xərclərini artırır.

Münaqişə başlayandan bəri neft və qazın dünya qiymətləri 50 faizdən çox artıb ki, bu da bütün təchizat zənciri boyunca xərcləri yüksəldir.

"Schroders" şirkətində qlobal iqtisadiyyat üzrə rəhbər Devid Ris bildirib: "Əvvəlcə təsir enerji sektorunda hiss olunur, daha sonra isə ərzaq qiymətlərinin artımı mərhələsi başlayır".

Xüsusilə azot tələbatı yüksək olan qarğıdalı və buğda kimi məhsullar ilk zərbə altında qalacaq. Yem xərclərinin artması isə çörəkdən tutmuş yumurta istehsalına qədər bütün sahələrə təsir edəcək.

Sosial risklər və mümkün nəticələr

Qeyd edilir ki, ərzaq qiymətlərində əvvəlki artımlar bir sıra ölkələrdə sosial narazılıqlara səbəb olub. Məsələn, Misir hökuməti sosial sabitliyi qorumaq üçün çörəyə subsidiya tətbiq edir.

Müharibənin nəticələri isə qeyri-müəyyən olaraq qalır. Yanacaq qiymətlərinin artması kənd təsərrüfatı məhsullarının bioyanacaq istehsalına yönəlməsinə səbəb ola bilər. Eyni zamanda Körfəz ölkələrində iqtisadi zəifləmə Pakistan, Livan və İordaniya kimi ölkələrə pul köçürmələrinin azalmasına gətirib çıxara bilər.

Avropa Yenidənqurma və İnkişaf Bankı artıq dəstək paketlərini, o cümlədən gübrə alınmasına yardım imkanlarını nəzərdən keçirir. FAO isə digər beynəlxalq maliyyə qurumlarını və hökumətləri müharibə uzanacağı təqdirdə fövqəladə tədbirlərə hazır olmağa çağırır.

Aydın

--> -->