Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) məlumatına görə, İranda baş verən münaqişə qlobal miqyasda ciddi ərzaq böhranına səbəb ola bilər və milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur.
Qaynarinfo xəbər verir ki, məlumata əsasən, münaqişə ilin ortalarına qədər davam edər və neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalarsa, cəmi üç ay ərzində əlavə 45 milyon insan "kəskin aclıq” riski ilə qarşılaşacaq. Bu ssenari reallaşarsa, dünyada ərzaq təhlükəsizliyindən məhrum insanların sayı 363 milyona çataraq rekord səviyyəyə yüksələcək.
Qeyd olunur ki, 2022-ci ildə Ukrayna müharibəsi zamanı bu göstərici 349 milyon nəfər olmuşdu. Lakin hazırkı gərginlik daha ağır nəticələr doğura bilər. WFP-nin icraçı direktor müavini Karl Skau bildirib ki, münaqişənin davam etməsi qlobal miqyasda "şok dalğası” yaradacaq. Onun sözlərinə görə, artıq növbəti yeməyini belə planlaşdıra bilməyən ailələr bu böhrandan ən çox zərər görəcək.
Martın 2-dən etibarən Hörmüz boğazında dəniz nəqliyyatı demək olar ki, dayanıb. Bu isə təkcə neft və qaz deyil, həm də kənd təsərrüfatı üçün vacib olan gübrə tədarükünə ciddi zərbə vurub. Dünyada gübrə istehsalının təxminən dörddə biri bu marşrutdan keçir.
Xüsusilə Saharaaltı Afrika ölkələri üçün bu vəziyyət əkin sahələrinin boş qalması riski yaradır. Enerji və ərzaq qiymətlərinin artması isə idxaldan asılı olan Asiya və Afrika ölkələrinə təzyiqi daha da gücləndirir.
WFP-nin hesablamalarına görə, gündəlik minimum 2100 kalori qəbul edə bilməyən insanların sayı sürətlə artır. Analizlər göstərir ki, neft qiymətlərinin yüksəlməsi ərzaq qiymətlərinə təsir edərək ən böyük zərbəni Asiyaya vuracaq.
Proqnozlara əsasən, bu regionda əlavə 9,1 milyon insan aclıq həddinin altına düşə bilər ki, bu da 24 faiz artım deməkdir.
Eyni zamanda Şərqi və Cənubi Afrikada 17,7 milyon, Mərkəzi Afrikada isə 10,4 milyon insanın ərzaq təhlükəsizliyi risk altındadır.
Karl Skau mövcud vəziyyəti "dəhşətli ehtimal” kimi qiymətləndirərək bildirib ki, bəşəriyyət bu fəlakətin qarşısını almaq üçün zamanla yarışır.
Aydın
Şərhlər