"Baş verən hücum fonunda İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) fəaliyyətsizliyi sadəcə olaraq, İsrailin hərbi hava, hava hücumundan müdafiə sistemləri və xarici kəşfiyyatının həddən artıq mükəmməl işləməsilə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli İsrailin endirdiyi hava zərbələrinə İranın HHMQ-nin cavab verə bilməməsini şərh edərkən deyib:
"İranın bu vəziyyətdə görünməsinin əsas səbəbi onun zəif durumda olmasının göstəricisi deyil. Fikrimcə, bu, İsrailin hərbi hava, hava hücumundan müdafiə qüvvələri və xarici kəşfiyyat sisteminin həddən artıq mükəmməl olmasının nəticəsidir. İsrail xüsusən də xarici kəşfiyyat sahəsində zaman-zaman mühüm uğurlara imza atan bir dövlətdir”.
Ekspert qeyd edir ki, İsrail dövlətilə rəqabətdə hətta bəzi məqamlarda ABŞ, Böyük Britaniya, əksər Avropa dövlətləri belə geri qalır:
"İsrail hazırda həyata keçirdiyi hərbi əməliyyatların mesajlarını illər uzunu verib və onun arxasında da ABŞ dayanır. Baş verən proses onu da göstərdi ki, İran İsraillə rəqabətə dözə biləcək səviyyədə hava hücumundan müdafiə və yaxud hərbi hava qüvvələri və xarici kəşfiyyat sisteminə malik deyil. İsrail bu sahələr üzrə ixtisaslaşmış bir ölkədir. Onun əməkdaşları təkcə İsrailin təhlükəsizliyinin formalaşmasında deyil, başda ABŞ olmaqla dünyanın aparıcı dövlətlərinin bu sahələr üzrə uğurlarına imza atan kadrları ilə də diqqəti cəlb edirlər. İran isə bu sahələr üzrə İsraillə rəqabətə tab gətirə bilməz”.
Qeyd edək ki, İsrailin bu gücə İrana endirdiyi hava zərbələri nəticəsində bu ölkənin bir sıra yüksək ranqlı hərbçiləri sıradan çıxarılıb. Bundan başqa, İranın uranın zənginləşdirilməsilə məşğul olan müəssisələri, bir neçə raket bazaları məhv edilib. Görünən odur ki, İranın hava hücumundan müdafiə sistemi bu hücumun qarşısını almaqda olduqca aciz olub.
Rüfət Sultan
Şərhlər