Son vaxtlar Rusiyanın Ermənistana münasibətdə artan təhdidləri fonunda bu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın maraqlarına zərər vermək niyyəti onun rəhbərlik etdiyi hökumətin gündəliyində heç vaxt olmayıb və olmayacaq. O bildirib ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu belə deyil.
Paşinyan vurğulayıb ki, heç kim Ermənistanı anti-Rusiya fəaliyyətinə cəlb edə bilməz və buna heç vaxt cəhd də olunmayıb:
"Biz sizinlə döyüşməyəcəyik, mübahisə etməyəcəyik və ya şifahi qarşıdurmaya girməyəcəyik. Çünki münasibətlərimizi yüksək qiymətləndiririk. Bu, bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma Ermənistanın maraqları naminə addımlar atacağıq".
Ermənistan seçkilərə doğru gedir. İyunda ölkədə parlament seçkiləri keçirilməlidir. Bu fonda Paşinyanı devirmək istəyən qüvvələr də fəallaşıb. Həmin qüvvələrin bir hissəsinin dolayı yolla Rusiyadan dəstək aldığı iddia olunur.
Paşinyanın növbəti müddətdə hakimiyyətdə qalması isə Moskvanın maraqlarına cavab vermir. Məhz bu səbəbdən son vaxtlar müxtəlif rusiyalı siyasətçilər, politoloqlar və jurnalistlər tərəfindən Ermənistana qarşı təzyiq və təhdid xarakterli açıqlamaların artdığı müşahidə olunur. Belə vəziyyətdə Paşinyan müxtəlif siyasi manevrlərlə bu təzyiqlərin qarşısını almağa, mümkün olmadıqda isə onların təsir gücünü zəiflətməyə çalışır.
Aydındır ki, o, Kremlə açıq və kəskin reaksiya verə bilmir. Çünki Ermənistan hələ də müəyyən dərəcədə Rusiyanın təsir dairəsində qalır. Buna görə də Paşinyan balans siyasəti yürütməyə məcburdur. Onun Rusiyanın maraqlarına zərər vermək niyyətində olmadıqları barədə bəyanatı da məhz şimaldan gələn təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır.
Digər tərəfdən, bu açıqlama ölkə daxilində Rusiyaya meylli seçici kəsimin Paşinyanla bağlı tərəddüdlərini aradan qaldırmağa yönəlmiş addım kimi də qiymətləndirilə bilər. Yəni baş nazir seçki ərəfəsində rusiyameylli, lakin tərəddüd edən qüvvələri öz tərəfinə çəkmək məqsədi güdə bilər.
Rüfət Sultan
Şərhlər