Xəbər lenti

Ölkə 13:41 11.02.2026

"Okuklu Holding" gecəqondu tikinti aparıb..." (AÇIQLAMA)

"Okuklu Holding”in öz anbarını qonşu sahənin hesabına qanunsuz şəkildə genişləndirməyə cəhd etməsi, bu zaman insidentin yaranması barədə xəbər vermişdik.

Məsələ ilə bağlı "Kristal" şirkətinin mətbuat xidmətindən Musavat.com-a açıqlama verilib.

"Şirkətimizə məxsus və sənədlərlə təsdiqlənmiş ərazidə bir qrup şəxs tərəfindən qanunsuz və gizli şəkildə tikinti (gecəqondu) işlərinin aparılmasına cəhd göstərildiyi müəyyən edilib”, - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, məsələ ilə bağlı dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub:

"Bu şəxslərin məqsədi anbar daxilində gizli şəkildə tikintini yekunlaşdırıb dam örtüyü örtməklə gələcəkdə şirkətimizə qarşı maddi tələblər irəli sürmək olub. Təəssüf ki, qanunsuz fəaliyyət göstərən şəxslər müdaxilə zamanı birləşərək şirkət əməkdaşlarımıza qarşı fiziki təzyiq göstərmişdir. Hadisə hazırda polis tərəfindən araşdırılır və məsələ tam şəkildə hüquqi müstəvidə öz həllini tapacaq. Şirkətimiz qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir və mülkiyyət hüquqlarının qorunması istiqamətində bütün zəruri hüquqi addımları atmaqda davam edəcək”.



Xatırladaq ki, "Okuklu Holding” "Kristal” şirkətinə ayrılmış torpağın sərhədində yerləşən tikinti materialları anbarını genişləndirməyə cəhd edib. Məlumata görə, şirkət ərazini plana düşdüyündə daha çox maddi vəsait əldə etmək məqsədilə tikinti işlərini aparıb, ərazi və mövcud tikililəri böyütməyə çalışıb. Qanunsuz tikilinin sökülməsi zamanı mübahisə yaranıb və bunun ardınca dava-dalaş baş verib. Musavat.com-a daxil olan məlumatda iddia olunurdu ki, gizli aparılan tikintidən sonradan həmin ərazinin sahibindən maddi tələblər irəli sürmək üçün istifadə ediləcəyi planlaşdırılıb.

Bu, daşınmaz əmlak sahəsində təzyiq və şantaj elementləri daşıyan qeyri-qanuni sxemlərə bənzəyir. Uzun illərdir Azərbaycanda tikinti materiallarının satışını həyata keçirən Yılmaz Okuklunun bu hərəkətlərinin şəhərsalma və tikinti qanunvericiliyinin kobud şəkildə pozulması olduğu vurğulanır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və faktlar araşdırılır.

Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi bildirilir. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, insidentin qarşısı alınıb: "Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub. Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir.”
--> -->