Ermənistanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunub-olunmayacağı ilə bağlı qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir. İlk baxışdan texniki və hüquqi xarakter daşıyan bu məsələ əslində daha geniş məna kəsb edir. Söhbət Ermənistanın gələcək siyasi kursundan, Azərbaycanla sülh sazişinin perspektivlərindən və bütövlükdə Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasından gedir.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın son açıqlaması göstərir ki, hakimiyyət layihəni hazırlasa da, onun ictimaiyyətə təqdim edilməsi ilə bağlı yekun qərarı verməyə tələsmir. Bu ehtiyatlılığın arxasında həm daxili siyasi risklər, həm də xarici amillər dayanır.
Məsələ ondadır ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı iradları yeni deyil. Rəsmi Bakı uzun illərdir bildirir ki, Ermənistanın əsas qanununda və ona istinad edilən sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasları qalmaqdadır.
Mübahisənin mərkəzində Ermənistan Konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsi dayanır. Həmin sənəddə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında qərara istinad edilir. Azərbaycan tərəfi hesab edir ki, bu müddəa hüquqi baxımdan ölkənin ərazi bütövlüyünə qarşı iddiaların tam aradan qalxmadığını göstərir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər müxtəlif çıxışlarında Ermənistan Konstitusiyasında dəyişikliklərin sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biri olduğunu vurğulayıblar. Bakı hesab edir ki, dövlətlərarası münasibətlər hüquqi baxımdan ziddiyyətli müddəalardan tam təmizlənməlidir.
Bu fonda Baş nazir Nikol Paşinyanın mövqeyi diqqət çəkir. O, son iki ildə Ermənistan siyasətində uzun müddət toxunulmaz hesab edilən mövzuları gündəmə gətirib. Paşinyan açıq şəkildə bəyan edib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların saxlanılması regional sabitlik baxımından problemlər yarada bilər.
Əslində, Paşinyanın irəli sürdüyü "real Ermənistan" konsepsiyası təkcə hüquqi dəyişiklik deyil, həm də ideoloji transformasiya cəhdidir. Bu yanaşma Ermənistanın dövlətçilik modelinin tarixi iddialar üzərində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində qurulmasını nəzərdə tutur. Məhz buna görə də Paşinyanın təşəbbüsü ölkə daxilində ciddi mübahisələr doğurur.
Müxalifət qüvvələri və radikal millətçi dairələr hesab edir ki, Konstitusiyada belə dəyişikliklər Ermənistanın uzun illər müdafiə etdiyi siyasi tezislərdən geri çəkilməsi anlamına gələcək. Buna görə də hakimiyyət sənədin dərcinə və sonrakı mərhələlərə ehtiyatla yanaşır.
Əgər yeni Konstitusiya layihəsi həqiqətən də mart ayında hazır idisə, onun hələ də ictimaiyyətə təqdim edilməməsi bir sıra suallar doğurur. Bunun bir neçə səbəbi ola bilər.
Birincisi, hakimiyyət cəmiyyətin reaksiyasını ölçməyə çalışır. 2023-cü ilin sentyabr hadisələrindən və Qarabağ məsələsinin Ermənistanın siyasi gündəmindən faktiki olaraq çıxmasından sonra müxalifət Paşinyanı "milli maraqlardan geri çəkilməkdə" ittiham edir. Konstitusiyada mübahisəli müddəaların çıxarılması bu tənqidlərin daha da güclənməsinə səbəb ola bilər.
İkincisi, Konstitusiya dəyişikliklərinin referendum yolu ilə təsdiqlənməsi zərurəti ortaya çıxa bilər. Ermənistanın siyasi təcrübəsi göstərir ki, referendumlar həmişə hakimiyyət üçün risk daşıyır. Uğursuz referendum Paşinyanın siyasi mövqelərinə ciddi zərbə vura bilər.
Üçüncüsü, İrəvan beynəlxalq reaksiyaları da nəzərə almağa məcburdur. Ermənistan son illər Avropa İttifaqı və ABŞ-la münasibətləri gücləndirməyə çalışsa da, ölkədə Rusiyanın siyasi və informasiya təsiri tam aradan qalxmayıb. Konstitusiya dəyişiklikləri regionda geosiyasi balanslara da təsir göstərə biləcək məsələdir.
Bununla belə, mövcud siyasi mənzərə dəyişiklik ehtimalının yüksək olduğunu göstərir. Paşinyan dəfələrlə Konstitusiya islahatlarının vacibliyindən danışıb. Yeni mətnin hazırlandığı rəsmən təsdiqlənib.
Hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentdə çoxluğa malikdir və islahatları irəli aparmaq üçün kifayət qədər siyasi resurslara sahibdir. Bundan əlavə, Azərbaycanla münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi perspektivləri də İrəvanı daha praqmatik qərarlar verməyə sövq edir.
Lakin əsas məsələ dəyişikliklərin olub-olmamasında deyil, onların məzmunundadır. Ən mühüm sual Müstəqillik Bəyannaməsinə istinadların yeni Konstitusiyada saxlanılıb-saxlanılmayacağıdır. Əgər həmin müddəalar çıxarılarsa, bu, Ermənistanın müstəqillik tarixində ən mühüm siyasi-hüquqi dönüşlərdən biri hesab oluna bilər. Belə bir addım həm Azərbaycanla sülh prosesinə əlavə impuls verər, həm də regionda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verə bilər.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunub-olunmayacağı ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək. Bu barədə parlamentdə jurnalistlərə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib. Onun sözlərinə görə, layihənin dərc olunması məsələsi bir gün əvvəl hakim "Vətəndaş Müqaviləsi” partiyasında müzakirə edilib.
"Düşünürəm ki, yaxın vaxtlarda qərar veriləcək. Bunun üçün əvvəlcə bəzi həmkarlarımızın təqdim edəcəyi rəyləri ümumiləşdirməliyik. Bu prosesə daha bir və ya iki həftə lazım olacaq. Daha sonra bir və ya iki əlavə müzakirə aparacaq və mətnin dərc olunmağa hazır olub-olmadığına qərar verəcəyik”, deyə Qalyan bildirib.
Nazir qeyd edib ki, layihənin indiyədək ictimaiyyətə təqdim edilməməsinin əsas səbəbi proses iştirakçılarının hamısının sənədin məzmunu ilə tam tanış olmağa vaxt tapmamasıdır.
Xatırladaq ki, Qalyan hələ 2026-cı ilin mart ayında yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını bildirmişdi. O zaman sənədin ayın sonuna qədər dərc ediləcəyini də açıqlamışdı. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, belə müddəalar regional sabitlik üçün risklər yarada bilər.
Siyasət şöbəsi
Şərhlər