İş müsahibələri karyera yolunda ən vacib mərhələlərdən biri hesab olunur. Bu görüşlər zamanı ilk təəssürat böyük rol oynadığından, düzgün geyim seçimi xüsusi əhəmiyyət daşıyır. Əgər bu vacib görüş öncəsi nə geyinəcəyinizə qərar verə bilmirsinizsə, düzgün kombin seçimi ilə həm şık, həm də peşəkar görünmək mümkündür.
Qaynarinfo müsahibə zamanı necə geyinə biləcəyinizlə bağlı kombinləri təqdim edir:
Müsahibədə tişört geyinmək istəyənlər üçün bu seçimi daha rəsmi göstərməyin yolları var. Blazer tipli pencəklər belə kombinlər üçün ən uyğun seçimlərdən biridir. Bundan əlavə, zərif aksesuarlar və uyğun zinət əşyaları geyiminizi daha səliqəli və peşəkar göstərə bilər.
Adətən iş müsahibələrində idman ayaqqabıları tövsiyə olunmur. Lakin geniş formalı, xüsusilə parça şalvarlar idman ayaqqabıları ilə uyğunlaşdırıldıqda daha səliqəli görünüş yarada bilər. Bu zaman üst geyim kimi tişört, köynək, bluz və ya blazer pencək seçmək mümkündür.
İsti havalarda pencək geyinmək istəməyənlər üçün zərif və axıcı parçadan hazırlanmış bluzlar yaxşı alternativ hesab olunur. Xüsusilə atlasvari və yüngül parçalar klassik şalvarlarla birlikdə şık görüntü yaradır. Bu kombinləri zərif aksessuarlarla tamamlayaraq daha peşəkar görünüş əldə etmək olar.
Açıq rənglərə üstünlük vermək istəyənlər üçün bej və ağ rənglərin uyğunluğu iş müsahibələri üçün ideal seçim sayılır. İlk görüş zamanı çox diqqət çəkən və parlaq rənglərdən uzaq durmaq daha məqsədəuyğun hesab olunur. Həmçinin hündürdaban ayaqqabı və uzun, geniş şalvarlar boyu daha uzun göstərən effekt yaradır.
Tişört geyinməyin uyğun olacağını düşündüyünüz iş mühitlərində bu kombini daha rəsmi göstərmək üçün geniş paça şalvar və sivri burunlu hündürdaban ayaqqabılardan istifadə etmək olar.
Parlaq parçadan hazırlanmış şalvarlar da kombinin əsas elementi ola bilər. Hava şəraitinə uyğun olaraq boğazlı sviter, bluz, eləcə də portfel və ya əl çantası bu görünüşü tamamlayan vacib detallardır.
Ətək və ya don geyinmək istəyənlər üçün isə ən vacib məqam rahatlıqdır. Daim düzəltmək məcburiyyətində qalmayacağınız, eyni zamanda özünüzü rahat və inamlı hiss edəcəyiniz geyimlər seçmək tövsiyə olunur. Xüsusilə qış aylarında geniş formalı donları kəmərlə tamamlayaraq daha səliqəli və estetik görünüş əldə etmək mümkündür.
Mütəxəssislər bildirir ki, düzgün seçilmiş geyim yalnız xarici görünüşü deyil, həm də insanın özünə inamını artırır və müsahibənin uğurlu keçməsinə müsbət təsir göstərir.
Günay
Şərhlər