İspaniyanın baş naziri Pedro Sançes İsrailin baş naziri Benyamin Netanyahuya Madridin tezliklə Fələstinin müstəqilliyini tanımağa hazır olacağı barədə məlumat verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Confidencial" qəzeti Sançesin İsrail dövlətinə səfərinin gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İspaniyanın baş nazirinin noyabrın 23-də İsrailə planlaşdırılan səfəri zamanı müvafiq bəyanatla çıxış edəcəyi gözlənilir. O, burada Belçikanın baş naziri Aleksandr de Kroo ilə birlikdə israilli həmkarı və Yaxın Şərq ölkəsinin prezidenti İsxaq Hersoqla və Fələstin lideri Mahmud Abbasla görüşəcək.
Qeyd edək ki, ötən gün HƏMAS-la İsrail arasında 4 günlük atəşkəs olunub. Razılaşmaya əsasən, bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. İsrail isə buna paralel olaraq fələstinli məhbuslardan bəzilərini azadlığa buraxmalıdır. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək.
Girovları azad etmək üçün İsrailin HƏMAS-la razılaşması iki mərhələdən ibarət olacaq. Əvvəlcə HƏMAS 4 gün ərzində 50 nəfəri, daha sonra 3 gün ərzində xarici vətəndaşlar da daxil olmaqla 30-a qədər adamı azad edəcək.
Oktyabrın 7-də HƏMAS "Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etdikdən sonra minlərlə yaraqlının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrailin "Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib.
Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.
Aydın
Şərhlər