İspaniya öz ərazisi üzərindən ABŞ hərbi aviasiyasının uçuşlarını qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” məlumat yayıb.
Məlumata görə, Madrid ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə əlaqəli hərbi təyyarələrin, o cümlədən digər ölkələrdə, xüsusilə Böyük Britaniyada yerləşən ABŞ təyyarələrinin İspaniya hava məkanından istifadəsini məhdudlaşdırıb. Bu barədə bazar ertəsi İspaniyanın "El País” qəzeti hərbi mənbələrə istinadla yazıb. Daha əvvəl isə ölkə ABŞ-a İspaniyanın cənubunda yerləşən iki əsas hava bazasından istifadəni qadağan etmişdi.
İspaniyanın sol mərkəzçi baş naziri Pedro Sançes 28 fevraldan bəri ABŞ və İsrailin İrana zərbələrini açıq şəkildə tənqid edir. Münaqişə nəticəsində İranın Yaxın Şərqdə cavab hücumları artıb, ABŞ və İsrail qüvvələri isə ölkəyə zərbələr endirməyə davam edir. Sançes bu münaqişəni "qanunsuz müharibə” adlandırıb.
İspaniya hökumət nümayəndələri ABŞ-ın Rota və Moron hərbi bazalarından (Kadis və Sevilya yaxınlığında) İrana qarşı əməliyyatlar üçün istifadə edə bilməyəcəyini bildirib. Uçuş izləmə məlumatlarına əsasən isə müharibə başlayandan sonra bir neçə gün ərzində ondan çox ABŞ təyyarəsi həmin obyektləri tərk edib.
Aydın
Şərhlər