Siyasət 19:55 23.07.2022

İsrail və İran səfirlərin söz dueli nə ilə nəticələnəcək? (ŞƏRH)

Tehranla Təl-Əvivin Bakıdakı səfirləri arasında baş verən qalmaqal böyüməkdə davam edir. İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Coşua Zarka sosial şəbəkədəki mesajında Bakıdakı səfir Dikin Təbrizlə bağlı kitab haqqında yazdığı yazıdan sərt sitat gətirən iranlı diplomat Musəviyə reaksiya verib. Zarka deyib: "İran İsveç vətəndaşlarını qaçırmaqla hədələyir, çünki terrorçu İsveçdə həbsdədir. İranın Bakıdakı səfiri bizim diplomatımızı kitab oxuduğu üçün hədələyir. Bu rejim öz ölkəsini, öz xalqını, o cümlədən Təbrizdəkiləri zəbt edib. O, hamı ilə münaqişəyə başlayır”. 

Prosesin gedişi onu göstərir ki, məsələ qızışır. Kimlərsə, bu oyunun məhz Bakıda kəskinləşməsində maraqlıdır. İki ölkənin Bakıda hədə taktikası seçməsi nə ilə sonuclana bilər? 

Məsələ barədə Qaynarinfo-ya danışan beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyevin fikrincə, Azərbaycanda İran və İsrail diplomatları arasında bu sayaq söz atışması ara-sıra müşahidə edilir. Lakin həmsöhbətimizə görə, proses söz savaşından o yana keçmir:"İranla İsrail dövləti yaranandan bu yana münasibətləri yaxşı olmayıb. Onların Yaxın Şərq regionunda maraqları toqquşur. İsrail Azərbaycana bütün məsələlərdə dəstək verir. İrana gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Bu ölkənin müxtəlif yüksək rütbəli şəxslərinin ismarıclarında bəzi hallarda ölkəmizə münasibətdə mənfi notlar da səslənib. Ən son mənfi ismarıcı bu günlərdə İranın Ali Rəhbəri səsləndirdi. Belə görünür ki, yaranmış vəziyyətdə İsrail və İran diplomatları arasında bu sayaq söz atışmaları ara-sıra yenə də davam edəcək. Ancaq bu söz atışmasının münasibətlərə birbaşa təsiri olmayacaq. Çünki, birbaşa dövlət və hökumət başçıları tərəfindən deyilən sözlər deyil. Səfirin Bakıda dediklərilə nə İran, nə də İsrail dövlətinin siyasətinin müəyyənləşdiyini düşünmürəm”. 

Ekspert Azərbaycan ictimaiyyətini bu polemikadan kənar durmağa səsləyib:"İran qonşu olduğundan Bakı onunla müəyyən münasibətlərin qorunub saxlanılmasında maraqlıdır. Rəsmi diplomatik danışıqlarda hər zaman İranın ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Bu çəkişmələr fonunda Azərbaycandakı üçüncü qüvvələr yaranmış vəziyyətdən sui-istifadə etmək üçün yararlana bilərlər. Azərbaycanda bunu edəcək qüvvə İranın xüsusi kəşfiyyat orqanları ola bilər. İsrailin isə prosesi qızışdırmaqda marağı  yoxdur”. 

Rüfət Sultan