Siyasət 20:54 01.09.2022

İtaliya enerji sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır (ŞƏRH)

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Romaya işgüzar səfər edib. Səfər İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutub. Sentyabrın 1-də Romada Azərbaycan Prezidentinin də iştirakı ilə İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfərini Qaynarinfo-ya şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirir ki, bu siyasi, iqtisadi və mədəni baxımdan vacib bir səfər olacaq:
 
"İtaliya ilə Azərbaycan arasında çoxşaxəli münasibətlər yaranıb. İtaliyanın Avropa İttifaqı çərçivəsində Azərbaycana xüsusi yanaşması var. Roma hər zaman Azərbaycanın ərazi  bütövlüyünü dəstəkləyib. Eyni zamanda, İtaliya ölkəmizdə həyata keçirilən bərpa  işlərində də iştirak edir. İtaliyanın ölkəmizə verdiyi siyasi dəstək bir nömrəli məsələdir. İtaliya enerji sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Bu ölkənin enerji ehtiyatlarının təmin edilməsində Bakı mühüm rol oynayır. TAP boru kəməri İtaliyaya qədər uzanır. İki ölkə arasında digər məsələlər də müzakirə mövzusudur. Hərbi məsələ üzrə əməkdaşlıq edilsə də, müəyyən səbəblərə görə bu istiqamətdə irəliləyişə nail olunmayıb. Amma ADA Universitetinin əməkdaşlığı nəticəsində təhsil sahəsində geniş əməkdaşlıq mövcuddur. Azərbaycan xalqının hər zaman İtaliya mədəniyyətinə xüsusi yanaşması olub. Bir sözlə, bu səfər siyasi, iqtisadi və mədəni baxımdan vacibliyilə seçiləcək”.

Rüfət Sultan