Xəbər lenti

İtaliyada ayılar mutasiyaya uğrayıb və qeyri-adi davranırlar: Səbəb nədir?
Dünya 12:26 22.12.2025

İtaliyada ayılar mutasiyaya uğrayıb və qeyri-adi davranırlar: Səbəb nədir?

Ayılar Avropada hələ də rast gəlinən ən qorxulu yırtıcılardan biri hesab olunur. Lakin qitədə insanın hökmranlığı hətta bu güclü heyvanları da uyğunlaşmağa vadar edib. 

Qaynarinfo-nun məlumatına görə, yeni araşdırma göstərib ki, İtaliyadakı ayılar digər populyasiyaların nümayəndələri ilə müqayisədə xeyli dərəcədə daha az aqressiv olublar.

İtaliyanın Ferrara Universitetinin və digər tədqiqat mərkəzlərinin alimləri "Molecular Biology and Evolution” jurnalında dərc etdikləri araşdırmada insanlarla uzunmüddətli birgəyaşayışın Apenin qəhvəyi ayılarına (Ursus arctos marsicanus) necə təsir etdiyini ortaya qoyublar. Təxminən 50 fərddən ibarət olan bu kiçik və izolyasiya olunmuş populyasiya min illərdir mərkəzi İtaliyada yaşayır.

Tədqiqatçılar Apeninlərdən olan 12 ayının genomunu toplayaraq təhlil edib və onları Slovakiya və digər Avropa populyasiyalarındakı ayılarla müqayisə ediblər. Analiz göstərib ki, İtaliya ayıları zamanla digər Avropa ayıları ilə müqayisədə daha az aqressiv olublar. Alimlərin fikrincə, bu dəyişiklik insanlarla daha yaxşı münasibət qura bilən fərdlərin sağ qalmasına üstünlük verən təbii seçmə nəticəsində baş verib.

Bu niyə baş verdi?

Təxminən 2–3 min il əvvəl, Roma imperiyası dövründə və ondan sonrakı mərhələlərdə insanlar İtaliyada meşələri kütləvi şəkildə qırıb, kənd təsərrüfatı sahələrini genişləndirib və ayıları ovlayıblar. Bu proses ayıların sayının kəskin azalmasına və populyasiyanın dağlıq ərazilərdə təcrid olunmasına səbəb olub. Ayılar məhdud ərazi, az qida və insanlarla daimi təmas şəraitində yaşamağa məcbur qalıblar.

Belə şəraitdə insanlara və ya mal-qaraya daha az hücum edən ayılar sağ qalırdı. Zaman keçdikcə bu xüsusiyyət genetik səviyyədə möhkəmlənib:

* Apenin ayılarında yaxın qohumlar arasında cütləşmə səviyyəsi çox yüksəkdir: genomun 66 faizindən çoxu uzun eyni sahələrdən ibarətdir;
* genetik müxtəliflik digər Avropa ayıları ilə müqayisədə xeyli azdır;
* sağ qalmağa kömək edən 566 gen müsbət seçməyə məruz qalıb;
* onlardan 17 əsas gen davranış və aqressiyanın azalması ilə birbaşa əlaqəlidir.

Araşdırma müəlliflərinin qeyd etdiyinə görə, bu hal vəhşi təbiətdə insan təzyiqi altında baş verən təkamülün ən parlaq nümunələrindən biridir. Proses evciləşməyə bənzəsə də, bu halda hər şey təbii şəkildə baş verib. İtaliya ayıları "ev heyvanına” çevrilməsələr də, daha sakit fərdlərin genlərini ötürmək şansı daha yüksək olub və bu da populyasiyanın az saylı və yüksək qohumluq səviyyəsinə baxmayaraq sağ qalmasına imkan verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->