Bu gündən qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq. Bəzi gömrük rəsmiləşdirilməsi xərcləri də kompensasiya ediləcək.
Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.
Yeni mexanizm xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni mexanizm Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər:
"Qeyri-neft-qaz ixracatçılarının daşıma xərclərinin 70 faizə qədərinin dövlət tərəfindən qarşılanması Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini nəzərəçarpacaq dərəcədə artıra bilər. Çünki xüsusilə kənd təsərrüfatı, qida və digər qeyri-neft məhsullarında logistika xərcləri məhsulun son qiymətində ciddi paya malikdir.
Daşıma xərcinin əhəmiyyətli hissəsinin kompensasiya edilməsi ixracatçıya məhsulu xarici bazarda daha münasib qiymətə təklif etmək imkanı verəcək".

Akif Nəsirlinin sözlərinə görə, güzəşt mövcud ixracatçıların satış imkanlarını genişləndirməklə yanaşı, yeni bazarlara çıxmaq istəyən şirkətlər üçün də imkan yarada bilər:
"Bu güzəşt ilk növbədə artıq ixrac edən şirkətlərin satış imkanlarını genişləndirə, yeni bazarlara çıxmaq istəyən müəssisələrin qarşısındakı əsas maneələrdən birini azalda bilər. Eyni zamanda məhsulun qiymətini aşağı salmaq əvəzinə əldə olunan vəsaitin bir hissəsi istehsalın artırılmasına, keyfiyyətin yüksəldilməsinə və yeni bazarlara marketinqə yönəldilərsə, daha uzunmüddətli nəticə əldə etmək mümkündür".
Ekspert hesab edir ki, yeni dəstəyin ixrac həcminə təsiri bütün məhsullar üzrə eyni olmayacaq:
"İxracın həcminə təsirin isə bütün məhsullar üzrə eyni olması gözlənilmir. Daşıma xərci yüksək olan və qiymət rəqabətinin kəskin olduğu məhsullarda təsir daha böyük olacaq. Məsələn, logistika məsafəsi uzun olan bazarlara kənd təsərrüfatı və ərzaq məhsullarının ixracında bu güzəşt ciddi üstünlük yarada bilər.
Lakin təkcə daşınma xərcinin kompensasiyası ixracı avtomatik olaraq artırmır. Məhsulun keyfiyyəti, qiyməti, sertifikatlaşdırılması, xarici bazarda tələbat və təchizatın davamlılığı da həlledici amillərdir".
Akif Nəsirli ümumilikdə yeni mexanizmi qeyri-neft ixracının genişləndirilməsi baxımından müsbət qiymətləndirib:
"Ümumilikdə, bu tədbiri ixracın maya dəyərini azaltmaqla yanaşı, Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyini gücləndirən mühüm dəstək mexanizmi kimi qiymətləndirmək olar. Dəstək düzgün hədəflənərsə, orta və uzun müddətdə qeyri-neft ixracının həcminin artmasına, yeni ixracatçıların yaranmasına və Azərbaycanın məhsul bazarlarının coğrafiyasının genişlənməsinə real təsir göstərə bilər".
Günay İlqarqızı
Şərhlər