XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əyləncə sektorunun qaranlıq üzü: "Onlara yox deyə biləcəyimi bilmirdim"
Maqazin10:22 01.09.2026

Əyləncə sektorunun qaranlıq üzü: "Onlara yox deyə biləcəyimi bilmirdim"

Məşhur aktrisa və müğənni Natali İmbruqliya uşaqlıqdan başladığı karyerasında necə “istismar edildiyini” danışaraq əyləncə sektorunun qaranlıq tərəfini açıqlayıb. Hazırda 51 yaşında olan avstraliyalı müğənni və aktrisa “Neighbours” serialında gənc ulduz kimi tanındıqdan sonra 1997-ci ildə yayımlanan böyük hiti “Torn” mahnısı ilə beynəlxalq şöhrət qazanıb.

Qaynarinfo xəbər verir ki, Natali İmbruqliya şöhrətə yüksəlişinin qaranlıq tərəfini açıqlayaraq gənc yaşlarında istismar edildiyini və buna etiraz edəcək qədər özünü güclü hiss etmədiyini bildirib.

Şöhrətə sürətlə yüksəldiyi dövrdə özünü müdafiə etmək üçün kifayət qədər təcrübəli olmadığını etiraf edən İmbruqliya “Stellar” jurnalına verdiyi səmimi müsahibəsində bikini ilə kastinqə qatılmasının tələb edildiyini və bunun onda qalıcı iz buraxdığını deyib.

"Bədənimlə bağlı təsəvvürüm çox pozulmuşdu və özümə inamım yox idi. İstismar edilmişdim. Bikini ilə kastinqə qatılmalı və otaqda o baş-bu başa getməli idim", deyən məşhur ulduz bir dəfə moda jurnalı üçün fotosessiya olduğunu düşündüyü bir təklifə razılaşdığını, lakin sonradan bunun tamamilə başqa məqsəd daşıdığını öyrəndiyini də açıqlayıb.

"Moda çəkilişi olduğunu düşündüyüm bir jurnal fotosessiyası vardı. Məlum oldu ki, söhbət alt paltarından gedirmiş. Mən onlara yox deyə biləcəyimi bilmirdim. Buna görə də fotoların çəkilməsinə razı oldum!”, deyən müğənninin bu fotoları daha sonra dünyanın müxtəlif yerlərində satılıb. Bu hadisə Natalie İmbruqliyanı sarsıdıb: "Onlar bütün dünyada satıldı. Bu, travmatik idi. Mənim niyyətim heç vaxt belə olmayıb, amma səsimi eşitdirə bilmədim".

İmbruqliya “Neighbours” serialında Bet Brennan rolunu canlandırmaq üçün məktəbdən ayrıldıqda cəmi 16 yaşında idi. Bu karyera onu Avstraliya televiziyasından beynəlxalq ulduzluğa qədər yüksəldib. Aktrisa 1994-cü ildə aktyorluq imkanlarından yararlanmaq üçün İngiltərəyə köçüb və hazırlıqsız olduğu böyüklər dünyasına qəfil daxil olduğunu etiraf edib.

Natalie İmbruqliya həmin günləri belə xatırlayıb: “Çox keçmədən anladım ki, böyüklər dünyasındayam. Çox dərinə getmişdim. "Neighbours"dan ayrıldıqdan sonra "Aman Tanrım, mən bunu necə bacardım?" deyə düşünməyim 10 il çəkdi".

Aktyorluqdan müğənniliyə keçən məşhur ulduz “Torn” mahnısı ilə qlobal ulduza çevriləndə yaşadıqlarını unutmamış və görünüşü üzərində daha çox nəzarət sahibi olmağa qərar vermişdi.

O, özünü narahat hiss etməyəcəyi geyimlər seçir və bədən quruluşunun görünməsinə imkan vermirdi. Mahnının klipində öz geyimlərindən istifadə edən məşhur müğənni bu sadə görünüşü ilə 1990-cı illərin ən böyük dəb axınlarından birinə start verəcəyindən xəbərsiz idi.

Təxminən 30 il sonra “Torn” mahnısını İmbruqliyadan ayrı təsəvvür etmək mümkün deyil. Müğənni də illər ərzində mahnıya nifrət etmək əvəzinə onu mənimsəməyi öyrənib. Bununla belə, onun şöhrətlə münasibəti illər ərzində kəskin şəkildə dəyişib.

Bu ilin əvvəlində fotosessiyalara və müsahibələrə qayıdarkən məşhur olmaq mexanizmi ilə yenidən üzləşməli olub.

“Bir stulda oturmuşdum, saçımı və makiyajımı edirdilər, üzümə kamera tuşlanmışdı və mənə suallar verirdilər. Bütün bunları yenidən yaşamaq sarsıdıcı idi”, deyə İmbruqliya bildirib.

Aydın