İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun tibbi sərf mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Məlum olur ki, İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC-dən qeyri-steril əlcəklər alacaq. Buna görə şirkətə 2 724 397,45 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstəriliri ki, "Xanni-2017" MMC 11 aprel 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Göygöl rayonu, Quşqara kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov İdris Niyazi oğludur.
"Xanni-2017” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət Gəncə şəhərində fəaliyyətə başlayıb. Şirkət inşaat sektorunda, gəmiqayırma, ağac emalı sənayesində, neft emalı və başqa sahələrdə istifadə oluna bilən əlcəklər istehsalını və satışını həyata keçirir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, şirkət 2023-cü ildə İcbari Tibbi Sığorta Agentliyi ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 2 304 245 manat olan müqavilədə ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatların satın alınması nəzərdə tutulub.
"Xanni-2017” MMC-nin rəhbəri İdris İbrahimova gəlincə, o, Gəncə Tibb Kollecinin keçmiş direktoru Niyazi İbrahimovun oğludur. Niyazi İbrahimov hazırda Şans Tibb Mərkəzinin Gəncə filialının ümumi cərrahıdır.
Seyid
Şərhlər