Qreta Qerviqin rejissoru olduğu “Narnia: The Magician’s Nephew” filminin büdcəsinin 280 milyon dollara çatdığı açıqlanıb. “Netflix” filmi 49 gün ərzində yalnız kinoteatrlarda nümayiş etdirəcək.
Qaynarinfo xəbər verir ki, “Netflix” Qreta Qerviqin rejissoru olduğu “Narnia: The Magician’s Nephew” üçün ənənəvi yayım strategiyasından kənara çıxmağa hazırlaşır. Şirkət filmi 12 fevral 2027-ci ildə kinoteatrlarda nümayiş etdirəcək və ekran əsəri 49 gün ərzində yalnız kinoteatrlarda göstəriləcək.
“Netflix” filmlərinin böyük hissəsini birbaşa öz platformasında yayımlayır. Bu səbəbdən “Narnia” üçün qəbul edilən qərar ilk baxışdan diqqət çəkib. Lakin filmin büdcəsi ilə bağlı ortaya çıxan yeni məlumat kinoteatr strategiyasının səbəblərindən birini izah edə bilər.
“Narnia”nın büdcəsi 280 milyon dollara çatıb
Filmin görüntü rejissoru Seamus MakQarvey iştirak etdiyi podkast proqramında “Narnia”nın istehsal büdcəsinin 280 milyon dollar olduğunu bildirib.
Bu rəqəm doğrudursa, “Narnia” “Netflix” tarixinin ən bahalı filmləri sırasına daxil olacaq. Şirkət daha əvvəl yenidən çəkilişlər də daxil olmaqla təxminən 320 milyon dollar xərclədiyi “The Electric State” filmi ilə ən yüksək büdcəli layihəsinə imza atmışdı.
“Netflix” “The Irishman” üçün təxminən 225 milyon dollar, “Red Notice” və “The Gray Man” üçün isə ayrı-ayrılıqda 200 milyon dollar xərcləyib. “Narnia” üçün açıqlanan 280 milyon dollarlıq büdcə bu filmlərin böyük hissəsini geridə qoyur.
“Netflix”in baş direktoru Ted Sarandos daha əvvəl dəfələrlə kinoteatr nümayişlərinin şirkətin əsas biznes modeli olmadığını bildirib. Lakin “Narnia”nın 49 günlük eksklüziv kinoteatr nümayişi şirkətin yüksək büdcəli layihələrdə fərqli strategiyalar sınaqdan keçirə biləcəyini göstərir.
Qerviq “Narnia”nın dövrünü dəyişir
Film yalnız büdcəsi ilə deyil, K. S. Lyuisin əsərinə gətirilən dəyişikliklərlə də diqqət çəkir. İlkin mənbədə hadisələr Viktoriya dövrü Londonunda cərəyan etdiyi halda, Qreta Qerviqin ekranlaşdırmasında hadisələr 1950-ci illərin müharibədən sonrakı dövrünə keçirilir.
Filmdə geniş vizual effektlərdən istifadə olunacağı, həmçinin dövrü əks etdirən iri miqyaslı dekorasiyaların yer alacağı bildirilir. Ekran əsəri üçün PG yaş reytinqinin alınması hədəflənir.
Filmin aktyor heyətində gənc aktyorlar Devid Makkenna və Beatris Kempbell yer alır. Meril Strip, Deniel Kreyq, Emma Maki, Kiaran Hinds və Keri Malliqan da layihənin heyətinə daxildir. Filmin musiqilərini Mark Ronson və Endryu Vayett hazırlayır.
Görüntü rejissoru Seamus MakQarvey də layihənin miqyasına baxmayaraq, çəkiliş qrupunun filmi standart yüksək büdcəli studiya layihəsi kimi hazırlamadığını bildirib. MakQarvey böyük büdcəyə rəğmən əl işçiliyi yanaşmasının qorunduğu bir ekran əsəri ərsəyə gətirdiklərini qeyd edib.
“Narnia” üçün yenidən çəkilişlər başlayıb
Filmin istehsal prosesi hələ başa çatmayıb. Baş rollarda yer alan aktyorların iştirakı ilə yenidən çəkilişlər Şepparton studiyalarında davam edir.
“Netflix”in yaxın zamanda filmin bir versiyasına baxdıqdan sonra nəticədən məmnun qalmadığı və yenidən çəkiliş qərarının bundan sonra verildiyi iddia olunur. Lakin bu məlumat hələ təsdiqlənməyib.
Böyük büdcəli filmlərdə yenidən çəkilişlər istehsal prosesinin adi hissəsi ola bildiyindən, hazırkı çəkilişlərin filmin ümumi vəziyyəti baxımından nə ifadə etdiyi hələlik məlum deyil.
“Narnia: The Magician’s Nephew” 12 fevral 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq. Film 49 günlük kinoteatr nümayişindən sonra “Netflix” platformasında yayımlanacaq.
Aydın
Şərhlər