Xəbər lenti

Kiber həbsxana: Dələduzluğa məcbur edilən şəxsin dəhşətli etirafları
Dünya 13:10 16.07.2026

Kiber həbsxana: Dələduzluğa məcbur edilən şəxsin dəhşətli etirafları

Telefonun digər ucundakı dələduza simpatiya bəsləmək əksər fırıldaq qurbanları üçün mümkünsüz görünə bilər. Lakin saxta mesajların arxasında insan alveri, işgəncə və müasir köləlik üzərində qurulmuş beynəlxalq cinayət şəbəkəsi dayanır. İş vədi ilə aldadılaraq ölkəsindən çıxarılan bir şəxsin etirafları bu cinayət sisteminin görünməyən tərəfini üzə çıxarır.

Qaynarinfo xəbər verir ki, Cənub-Şərqi Asiyada yüksək maaşlı iş və daha yaxşı həyat vədi ilə aldadılan minlərlə insan sonradan böyük dələduzluq mərkəzlərinə aparılır və gündə 18 saata qədər yüzlərlə insanı aldatmağa məcbur edilir.

Cinayətkarlar ChatGPT və digər süni intellekt vasitələrinin köməyi ilə hazırlanmış mesaj nümunələrindən, eləcə də cazibədar qadınlara aid saxta sosial media hesablarından istifadə edirlər. Qurbanlarla uzun müddət etibar münasibəti qurulduqdan sonra onlara adətən kriptovalyuta investisiyası adı altında saxta maliyyə təklifi təqdim olunur. "Pig-butchering” ("donuz kökəltmə”) adlanan bu üsulun sonunda qurban bütün vəsaitini itirir, cinayətkarlar isə növbəti hədəfə yönəlirlər.

"Banqkoka getmək üçün hər şeyimi satdım"

Bu sxemin qurbanlarından biri də Uqandanın paytaxtı Kampala şəhərindən olan 25 yaşlı Mvesezi Gideon Solomondur.

Hazırda "Small Q” təxəllüsü ilə musiqi fəaliyyəti göstərən Solomon bildirib ki, internet kafedə işlədiyi vaxt müştərilərdən biri ona Tailandda informasiya texnologiyaları sahəsində yüksək maaşlı iş təklif edib və onu Dubayda yaşayan bir qadınla əlaqələndirib.

Tailanda getmək üçün əvvəlcə Keniyaya yollanaraq turist vizası alıb. Ona Banqkoka təyyarə bileti üçün 1 500 ABŞ dolları ödəməli olduğu, bu məbləğin isə işə başladıqdan sonra geri qaytarılacağı vəd edilib.

"The Telegraph" nəşrinə danışan Solomon deyib: "Çox ağır dövrdən keçirdim. Ailəmə kömək etmək istəyirdim. Mənə güvənən çoxlu bacı-qardaşım var idi. Bu səfər üçün sahib olduğum hər şeyi, hətta kompüterlərimi də satdım".

Tailanddan Myanmaya aparıldı

2023-cü il noyabrın 21-də Banqkoka çatan Solomon hava limanında sürücü tərəfindən qarşılanıb. Ona gecəni oteldə keçirəcəyi və səhər işəgötürənlə görüşə gedəcəyi bildirilsə də, əvəzində saatlarla avtomobillə Tailandın kənd ərazilərinə aparılıb.

Sonradan məlum olub ki, avtomobil Myanma sərhədinə, Moei çayı istiqamətində hərəkət edirmiş.

Solomonun sözlərinə görə, yolboyu bir neçə nəzarət məntəqəsindən keçiblər. Ətrafda yaşayış məntəqələrinin olmadığını görəndə təhlükədə olduğunu anlayıb.

Yanacaqdoldurma məntəqəsində onu avtomobildən zorla endiriblər, pasportunu əlindən alıblar və diz çökdürərək silahlı şəxslərin müşayiəti ilə pikap avtomobilinə mindiriblər.



Meşənin ortasında "kiber həbsxana"

Solomon Myanmanın Kyaukhat bölgəsi yaxınlığında yerləşən və məşhur "Tai Chang” düşərgəsinə aparılıb. Onun sözlərinə görə, ərazi hərbi baza kimi qurulmuşdu:

"Silahlı insanlar, mağazalar, basketbol meydançası, supermarketlər vardı. Meşənin içində ayrıca şəhəri xatırladırdı. Mənə iki mərtəbəli çarpayılarla dolu konteyner göstərdilər. Ora daha çox həbsxanaya bənzəyirdi".

Altı ay ərzində o, minlərlə insanı aldatmağa məcbur edilib.

İşgəncə və elektroşok

Solomon əvvəlcə ofisə aparılıb və kompüter qarşısında işləməsi tələb olunub. Rəhbərlə görüşmək istədikdə isə döymələrlə örtülü bir şəxs tərəfindən otağa aparılıb.

Onun sözlərinə görə, həmin şəxs əvvəlcə oturacağı stulu təpiklə kənara atıb, daha sonra elektroşok cihazı ilə ona işgəncə verib: "Qışqırırdım. Məni elektrik cərəyanı ilə vurur, yumruqlayır və qışqırırdı. Heç kim kömək etmədi".

Ona bildirilib ki, deyilənləri etməzsə, öldürüləcək.

Bundan sonra Solomon saxta mesaj nümunələri ilə işləməyə başlayıb. Mesajlar əsasən "Salam, məni xatırladınız?" və ya "Şam yeməyini qaçırdım, başqa vaxt görüşə bilərik?" kimi ifadələrdən ibarət olub.

Gündə təxminən 200 nəfərə mesaj göndərməsi, ən azı 60 nəfərlə etibarlı münasibət qurması tələb olunub.

Saxta sevgi tələsi

Cinayətkarlar əsasən zəngin amerikalı qadın obrazından istifadə edirdilər.

Qurbanların etibarını qazanmaq üçün Belarusa məxsus Madlen adlı qadın da daxil olmaqla müxtəlif şəxslər videozənglərdə iştirak edir, münasibətin real olduğuna inandırmağa çalışırdılar.

Solomon bildirib ki, həmin qadınlar da eyni üsulla aldadılaraq düşərgəyə gətirilmişdilər.

"Qaranlıq otaq" işgəncəsi

Düşərgədə işləyənlər daim nəzarətdə saxlanılırdı. Cavabsız mesaj, yuxulamaq və ya müəyyən edilmiş "planı" yerinə yetirməmək müxtəlif cəzalarla nəticələnirdi. Ən ağır cəza isə "qaranlıq otaq" adlanırdı.

Əslində bu, üstüaçıq beton meydança idi. Məhbuslar gündüz yandırıcı günəş altında, gecələr isə soyuqda saxlanılır, qandallarla qarmaqlardan asılırdılar.

Solomon bildirib: "Beş gün havadan asılı vəziyyətdə qaldıq. Üçüncü gün artıq ağlımı itirmək üzrə idim".

Kömək istədiyi üçün öldürüldü

Solomonun sözlərinə görə, həmin cəza zamanı yanında olan efiopiyalı bir şəxs kömək istədikdən sonra silahlılar tərəfindən döyülərək öldürülüb. O bildirib ki, hərbçi dəfələrlə onun baş nahiyəsinə zərbələr endirib və həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Tailand sərhədinə yaxın ərazilərdə yaşayan sakinlər də əvvəllər Moei çayında bu cür düşərgələrdən gətirildiyi ehtimal olunan meyitlərin tapıldığını bildiriblər.



Gizli telefon və xilas

Düşərgədə iş növbəsi bitdikdən sonra bütün telefonlar toplanırdı. Solomon rəhbərliyin masasındakı istifadə olunmayan telefonlardan birini gizlicə götürməyə nail olub.

Yataqxanaya qayıtdıqdan sonra Uqandadakı qardaşına "WhatsApp” vasitəsilə mesaj göndərərək harada saxlanıldığını bildirib. Bundan sonra ailəsi Uqanda hakimiyyət orqanlarına müraciət edib.

Uqandanın Malayziyadakı səfiri doktor Betti Biqombe cinayətkarlarla danışıqlara başlayıb. Məlum olub ki, dəstə hər bir uqandalının azad edilməsi üçün 10 min ABŞ dolları tələb edir.

Daha sonra Solomon başqa bir məşhur dələduzluq mərkəzi olan "KK Park”a köçürülsə də, bir müddət sonra yenidən "Tai Chang” düşərgəsinə qaytarılıb və kriptovalyuta fırıldaqlarında işləməyə məcbur edilib.

Nəhayət, 2024-cü ilin aprelində ona əşyalarını toplaması əmr olunub və digər 22 uqandalı ilə birlikdə sərbəst buraxılıb. Onlar çay sahilinə gətirilib, qarşı sahildə isə Tailand hərbçiləri və humanitar təşkilatların nümayəndələri onları qarşılayıblar. Daha sonra təyyarə ilə Uqandaya göndəriliblər.

Qlobal problem

"Amnesty International” təşkilatının araşdırmasına əsasən, oxşar dələduzluq düşərgələri təkcə Myanmada deyil, Kambocada da fəaliyyət göstərir. Təşkilat azyaşlı uşaqların belə bu mərkəzlərə aparılması hallarını sənədləşdirib.

Bir müddət sonra Myanmadakı "KK Park” düşərgəsinə reyd keçirilib, 2 mindən çox şəxs azad edilib və 30 ədəd "Starlink” internet terminalı müsadirə olunub.

Lakin ekspertlər bildirirlər ki, bu düşərgə Tailand sərhədində fəaliyyət göstərən onlarla belə obyektdən yalnız biridir.

Yaşadıqlarını musiqiyə çevirib

Vətəninə qayıdan Gideon Solomon hazırda yaşadığı hadisələr barədə mahnılar yazır və onları "Spotify” platformasında yayımlayır. O, bu yolla digər insanları oxşar saxta iş təkliflərinə aldanmamağa çağırır.

Solomon bildirib ki, azad edildikdən sonra kabuslar görür, mədə xorası və görmə problemlərindən əziyyət çəkir. Eyni zamanda, məcburiyyət qarşısında da olsa, başqa insanlara zərər vurduğunu unutmadığını deyib:

"Hər gün peşmanlıq hissi keçirirəm. Dələduzluq qurbanlarına kömək etmək, bu tələlərin necə qurulduğunu insanlara anlatmaq istəyirəm".

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->