Xəbər lenti

Korrupsiya faktları üzrə saxlamılan vəzifəli şəxslər barədə cinayət işi başlandı (YENİLƏNİB)
Ölkə 21:06 01.08.2023

Korrupsiya faktları üzrə saxlamılan vəzifəli şəxslər barədə cinayət işi başlandı (YENİLƏNİB)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 18:46
 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə Qaynarifno-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

17.45
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad və Tərtər rayonunda keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslər məhkəməyə çıxarılır.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, baş memarı Sahil Qənbərli, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev və Tərtər Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov təqsirləndirilən şəxs qismində tanınıblar.

Onlar barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->