ABŞ-ın İranda yerləşən nüvə obyektlərinə qarşı həyata keçirdiyi "Gecəyarısı çəkici” adlı genişmiqyaslı əməliyyatdan sonra dünya heyrətamiz bir mənzərəyə şahid oldu: Tehranın istifadə etdiyi rus istehsalı hava hücumundan müdafiə sistemləri tamamilə aciz qaldı.
Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, bu, təkcə İranın müdafiə ümidlərini darmadağın etmədi, həm də Moskvanın öz müdafiə qabiliyyətinə olan inamını ciddi şəkildə
sarsıtdı.
Bu, Ukrayna üçün tarixi bir siqnaldır. Çünki Rusiya istehsalı olan S-300 sistemləri və onların təkmilləşdirilmiş versiyaları – S-400, eləcə də gurultu ilə təbliğ edilən S-500-lər – müasir Qərb texnologiyaları ilə üz-üzə qalanda aciz görünür.
Artıq Rusiya strateji aviasiyasına qarşı "Hörümçək toru” kimi uğurlu əməliyyatlarla dünyanı təəccübləndirən Ukrayna üçün bu, əlavə bir üstünlükdür. İran nümunəsi sübut edir ki, Qərbin dəstəyi ilə, hətta "ən güclü” Rusiya sistemləri belə zəif nöqtələrə malikdir.
İnsan itkilərinə etinasız yanaşan və döyüşlərə minlərlə əsgər göndərməkdən çəkinməyən Putin, indi özünün həssas vəziyyətini görməzlikdən gələ bilməz. İsrail və ABŞ təkcə obyektləri məhv etmək gücündə olmadıqlarını, həm də düşmənin rəhbərliyindəki əsas fiqurları aşkar edib sıradan çıxara biləcəklərini nümayiş etdirdilər. Ukrayna da artıq Rusiyanın içərisində əməliyyatlar həyata keçirə biləcəyini sübut edib – bu isə Kremldə real qorxu yaradır.
Bu hadisənin siyasi alt qatları daha dərindir: əgər ABŞ Ukraynanı İsrail qədər silahlandırmaq qərarı versə, müharibə tamamilə yeni, həlledici bir mərhələyə keçə bilər. Putin bunu anlayır – və bəlkə də məhz bu səbəbdən getdikcə daha çox "danışıqlardan” dəm vurulur.
ABŞ-ın İranda güc nümayişi, çox güman ki, yalnız Tehrana yönəlmiş siqnal deyil, eyni zamanda Moskvaya bir xəbərdarlıqdır: müasir müharibədə hər şeyi texnologiya müəyyən edir. Və əgər Qərb nəhayət Ukraynaya tam imkanlarla dəstək verməyə qərar versə, Putinin qarşısında yalnız bir yol qalacaq – kapitulyasiya, - deyə "The Telegraph” yazır.
Alpər
Şərhlər