Xəbər lenti

Macarıstanda Ukraynanı dəstəkləyən açıq məktub imzalanır
Dünya 13:36 24.06.2025

Macarıstanda Ukraynanı dəstəkləyən açıq məktub imzalanır

Macarıstanda baş nazir Viktor Orbanın siyasəti ilə razılaşmayan bir qrup fəal Ukraynaya dəstək məktubu hazırlayıb. Artıq bu sənədi təxminən 30 min nəfər imzalayıb.

Qaynarinfo xəbər verir ki, məktub "Szabad Ahang” platformasında macar və ukrayna dillərində yerləşdirilib.

Məktubda 2014-cü ildən bəri Ukraynaya qarşı davam edən Rusiya silahlı təcavüzü pislənir, Ukraynanın ərazi bütövlüyünü şübhə altına almaq və onun daxili işlərinə müdaxilə etmək cəhdləri qəbuledilməz adlandırılır.

"Biz, bu məktubun macar vətəndaşları və imzaçıları, Orban hökumətinin getdikcə daha biabırçı anti-Ukrayna təbliğatına qarşı çıxırıq və Ukrayna xalqı ilə həmrəy olduğumuzu bəyan edirik. Biz qəhrəmancasına Vətənini müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə ehtiramımızı bildiririk. Biz bəyan edirik: başqa bir Macarıstan da var – satqınlıq və ya yad maraqlara xidmət yoluyla qazanc aramayan bir Macarıstan”, – məktubun girişində deyilir.

Məktub müəllifləri bildirirlər ki, Ukraynanın mübarizəsi Rusiyanın imperialist ekspansiyasının Avropaya doğru yayılmasının qarşısını alır və bu yolla Macarıstan da daxil olmaqla digər ölkələri qoruyur.

İmzaçılar müharibənin ən qısa zamanda sona çatacağına, lakin bu sülhün uzunmüddətli sabitlik, etibarlı təhlükəsizlik zəmanətləri, ədalətli kompensasiya və hərbi cinayətlərə görə cavabdeh şəxslərin cəzalandırılması kimi şərtlərlə baş verməli olduğuna ümid edirlər.

"Avropa xalqları hər şeyi etməlidirlər ki, belə bir müharibə qitəmizdə bir daha təkrarlanmasın... Bu, bizim həyati marağımızdır: qonşumuz olan bir dövlətin Putin Rusiyasının vassalına çevrilməməsi və müstəqil bir demokratiya olaraq qalması, burada bütün vətəndaşlar – o cümlədən milli azlıqlar – öz hüquqlarından sərbəst şəkildə istifadə edə bilməlidir”, – deyə məktubda qeyd edilir.

Məktubun sonunda isə Macarıstanın Ukraynadakı azlığının durumu ilə bağlı narahatlıq ifadə olunur:

"Biz bu məktubu o ümidlə dərc edirik ki, Ukraynadakı macar azlığı – onların bir çoxu Ukraynanın azadlığı uğrunda həyatını itirib – Orban hökumətinin biabırçı və siyasi motivli ritorikasının qurbanına çevrilməyəcək. Ümid edirik ki, Ukrayna xalqı və onun liderləri onların sədaqətini şübhə altına almayacaq, əksinə bu qurbanı tanıyacaq və hörmət edəcəklər”.

Məktuba Ukraynadakı Macarıstan səfirliyi və Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Olha Stefanışina da reaksiya verərək təşəbbüs müəlliflərinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Macarıstan və Slovakiya vəd etdiyi kimi Rusiya əleyhinə 18-ci sanksiya paketini Aİ sammitinədək bloklayıb.

Alpər
 
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->