Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin geri qayıdışı, azad edilmiş ərazilərdə dayanıqlı icmaların yaradılması və yeni yaşayış şəraitinə adaptasiya tədbirləri ilə bağlı növbəti satınalma müqaviləsini imzalamağa hazırlaşır.
Valyuta.Az xəbər verir ki, tenderin qalibi "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Qurumla ictimai birlik arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 264 min 836 manat 54 qəpik təşkil edir.
Satınalmanın predmeti əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması, yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili ilə bağlıdır.
Açıq məlumatlara görə, bu, ictimai birliyin eyni istiqamət üzrə aldığı ilk müqavilə deyil. "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ildə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun eyni məzmunlu tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 888 min 468 manat 45 qəpik göstərilib.
Bundan əvvəl, 2024-cü ildə də Fond eyni istiqamət üzrə ictimai birliklə 1 milyon 796 min 532 manat 30 qəpik məbləğində satınalma müqaviləsi bağlayıb.
2023-cü ildə isə eyni ictimai birlik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də oxşar istiqamətli tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 769 min 85 manat təşkil edib.
Beləliklə, 2024–2026-cı illər üzrə "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin məcburi köçkünlərin geri qayıdışı, reinteqrasiya tədbirləri və gəlirgətirən fəaliyyətlərin təşkili istiqamətində aldığı müqavilələrin ümumi məbləği 7 milyon 718 min 922 manat 29 qəpik edir. Bunun demək olar ki 7 milyon manatı (6 milyon 949 min 837 manat 29 qəpik) Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilib.
"Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Birliyin qanuni təmsilçisi Yasin Şirin oğlu Dadaşovdur.
İctimai birlik daha əvvəl beynəlxalq qrant layihələrində də iştirak edib. 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində "Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində "Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihə üzrə ictimai birliyə 88 min 859 ABŞ dolları ayrıldığı bildirilir.
Yasin Dadaşovun LinkedIn səhifəsində qeyd olunan məlumata görə, o, icma səfərbərliyi üzrə mütəxəssisdir. Profil məlumatlarında onun təşkilat rəhbəri kimi 21 illik, layihələrin icrası və idarə olunması sahəsində isə təxminən 25 illik təcrübəyə malik olduğu göstərilir.
Həmin məlumatlarda Dadaşovun Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç Qaçqınlar Şurası, IOM, UNHCR, UNDP, UNICEF, DRC, IRC, BP və digər beynəlxalq qurumlarla işlədiyi qeyd olunur. LinkedIn profilində həmçinin onun Azərbaycanda yüzlərlə kənddə icma quruculuğu fəaliyyətlərinə rəhbərlik etdiyi, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 300 kənddə, Yaponiya səfirliyinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihələri üzrə isə 130 kənddə fəaliyyət göstərdiyi bildirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbaszadədir.
Şərhlər