Çinin keçmiş müdafiə nazirləri - Vey Fenxe və Li Şanfu rüşvət alma və vermə ittihamları üzrə ölüm cəzasına məhkum olunublar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua" agentliyi hərbi məhkəmənin qərarına istinadən məlumat yayıb.
Hər iki keçmiş nazir daha əvvəl Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının üzvü olub, dövlət müşaviri statusu daşıyıb və ölkənin müdafiə nazirliyinə rəhbərlik edib.
Məhkəmənin qərarına əsasən, onlar üçün eyni cəza müəyyən edilib - iki illik icra möhləti ilə ölüm cəzası, ömürlük siyasi hüquqlardan məhrumetmə və bütün şəxsi əmlakın müsadirəsi.
Çin qanunvericiliyinə uyğun olaraq, iki illik möhlət müddətində həbsxanada qəsdən cinayət törədilmədiyi halda, ölüm cəzası avtomatik şəkildə şərti azadlığa buraxılma və hökmün yumşaldılması hüququ olmadan ömürlük həbs cəzası ilə əvəz edilir.
İki illik icra möhləti ilə tətbiq olunan ölüm hökmləri Çin hüquq sisteminin özünəməxsus xüsusiyyətlərindən biri hesab olunur. Bəzi hallarda, ilkin hökm zamanı müəyyən edilmiş şərtlərə əsasən, sonradan cəzanın 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunması da mümkündür.
Aydın
Şərhlər