"Bu gün hantavirusun pandemiya yaratmaq potensialı yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Professorun sözlərinə görə, qloballaşan dünyada yoluxucu xəstəliklərin yayılma riski nəzərə alınmalıdır və bu baxımdan Azərbaycanda da diqqətli davranmaq vacibdir:
"Çünki virusun Azərbaycana gəlib çıxması ciddi nəticələrə səbəb ola bilər. Yoluxma baş verdikdə ağır fəsadlar verir və xüsusilə ölüm riski yüksək ağırlaşmalar yaradır".
Adil Qeybulla vurğulayıb ki, hantavirus artıq insanlara keçə bilən viruslar sırasındadır və bu baxımdan nəzarətdə saxlanmalıdır:
"Xəstəlik törədə bilirsə, deməli diqqət mərkəzində olmalıdır. Viruslar zamanla öz xüsusiyyətlərini dəyişə bilər. Gələcəkdə hava-damcı yolu ilə daha asan yayılan formaya keçməsi də istisna deyil".
O, virusun əsasən gəmiricilər vasitəsilə yayıldığını da diqqətə çatdırıb:
"Hantavirus xüsusilə gəmiricilərin ağız suyu və ifrazatında olur. Evdə siçan və siçovullar varsa, insanlar üçün yoluxma riski artır. Ona görə də profilaktik tədbirlər vacibdir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanının cənubundakı Argentina ilə Afrikanın qərbindəki Kabo Verde arasında hərəkət edən sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün "aşağı riskli" kimi qiymətləndirib. Təşkilat eyni zamanda virusun genom sekvensi üzrə araşdırmaların davam etdiyini bildirib.
Gəmidə aşkarlanan 7 hantavirus yoluxmasından 3-nün ölümlə nəticələnməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub. ÜST-nin məlumatlarına əsasən, hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən virus qrupuna aiddir.
Artıq İsveçrədə də hantavirus infeksiyası halı aşkarlanıb. "Reuters" agentliyinin İsveçrə hökumətinə istinadən verdiyi məlumata görə, bir kişi Sürix xəstəxanasında müalicə alır. Onun bir neçə hantavirus infeksiyası halının baş verdiyi gəmidə kruizdən sonra İsveçrəyə qayıtdığı bildirilir.
Bahar Rüstəmli
Şərhlər