Məmməd SÜLEYMANOV
Sənət 09:39 21.05.2020

Mario Benedetti. Qələbənin yarımçıq baharı...

"Bütün cavabları tapdığımıza inananda bütün sualları dəyişdirdilər” (Mario Benedetti)
 
Məmməd Süleymanov

"Ölkəni sonuncu tərk edən işıqları söndürməyi unutmasın”. Məşhurlaşaraq spesifikliyini itirmiş bu ifadə Uruqvayda yaranıb. Onu Montevideo hava limanında 1970-ci illərin əvvəlində "Tupamaros” şəhər partizanları yazıb.

3 milyon əhalisi olan Uruqvayı 16 illik diktaturalar dövründə yarım milyon insan tərk edib. Bir çoxları bunu mühacirət yox, sürgün adlandırırdı. 

Hələ sağlığında Latın Amerikası ədəbiyyatının klassikinə çevrilən Mario Benedetti 1975-ci ildə Argentinada Siles Suaso ilə rastlaşmağını xatırlayır. 3 dəfə Boliviyanın prezidenti olan Suaso ondan soruşur: "Sizi də sürgün etdilər?. Və təsdiq cavabından sonra əlavə edir: "Bu, neçənci sürgününüzdür?” Benedetti "Üçüncü” deyəndə isə söyləyir: "Mənim 14-cü”.

İrəlidə isə hər ikisini neçə-neçə sürgün gözləyirdi.

***

Benedetti Uruqvayı 1973-cü ildə tərk etməli olur. Bu, o vaxtlardı ki, ölkə cəlladlara və qurbanlıqlara bölünmüş, işgəncə poliqonuna çevrilmişdi. USAID-in çətiri altında ölkəyə gələn amerikalı Den Mitrione yerli polislərə işgəncə metodlarının yeniliklərini öyrədirdi. Əvvəlcə evsizlərin üzərində sınaqdan keçirilən metodlar sonra şəhər partizanları və sadəcə simpatizanları məhv etmək və sındırmaq üçün tətbiq olunurdu.

Bu metodları bir neçə il sonra Pinoçet, Videla və Kənan Evren də tətbiq edəcəkdi. Hələlik isə Uruqvay ilk sınaq yeri seçilmişdi.

1970-ci ildə şəhər partizanları Mitrioneni oğurlayaraq hökumətə 150 siyasi dustaqla (o cümlədən, əfsanəvi "tupamaro” Raul Sendiklə) dəyişməyi təklif edir. Rədd cavabı alanda cəlladı öldürürlər (Bu hadisəyə Lenqqut "Gizli terror” kitabını, Kosta-Qavras isə "Mühasirə vəziyyəti” bədii filmini həsr edib). Mitrione ABŞ-da təntənə ilə dəfn olunur, dəfninə yüksək məmurlar qatılır, Sinatra onun xatirəsinə xeyriyyə konsertləri verir.

Bir il sonra Benedetti də daxil olmaqla Sol intellektuallar Tupamaros partizanları ilə birləşib "26 mart” hərəkatını yaradır. Hərəkat bütün Sol spektri əhatə edən Geniş Cəbhəyə (Çilidəki Xalq Birliyinin analoqu) qatılır və elə həmin il general Liber Serenyinin namizədliyi ilə prezident seçkilərinə qoşulur. Qələbə oğurlanır, yeni hərbi diktatura isə Mitrionenin metodlarını adi praktikaya çevirərək total ova başlayır.

Geniş Cəbhə darmadağın edilir. General Serenyi, Sendik, gələcək prezident Xose Muxika, minlərlə Solçu məhbəs işgəncələrindən keçir (Sendik 14 illik həbs müddətinin 13 ilini təkadamlıq kamerada keçirir və azadlığa 1986-cı ildə çıxandan 3 il sonra işgəncələrin fəsadlarından vəfat edir).

Benedetti axtarış ərəfəsində kitabları necə yandırdığından yazır: Leninin "Dövlət və İnqilabı”nı, Çenin "Partizan müharibəsi”ni, Marksın, Fidelin, Fanonun kitablarını oda verir, Qramşi və Lukaçı isə saxlayır - "Onsuz da tanımırlar”.
 
Onun sürgün yolu Peru, Argentina, Kuba, İspaniyadan keçir. Vətənə yalnız diktaturanın çöküşündən sonra - 1985-ci ildə dönür. Mübarizə və sürgün illərini 1982-də işıq üzü görən "Kənarı bölünmüş bahar” romanında canlandırır.

Bu, o illərdi ki, "Qələbə gələcəkdə qaldı”. Ancaq o gələcəyi elə qurmalı ki, keçmişə bənzəməsin. Benedettinin unikallığı da bundadır - hələ qələbədən əvvəl o qələbənin növbəti məğlubiyyətə aparmamasının profilaktikasını axtarır: "Əgər arxitektor yeni binanı köhnə planla ucaltsa, hər şey təkrarlanacaq”.

Tarix dəfələrlə sübut edib ki, bu, əbəs qorxu deyil. İnsanlar üçün yeni dünya və yeni dünya üçün yeni insan tələb olunur.

Bəs o yeni insanı haradan tapmalı? Benedetti bu suala cavab vermək üçün bütün olub-keçənləri analiz etməyə çağırır: Səhv harada buraxıldı və necə oldu ki, 1960-ların ortalarına qədərki liberal demokratiya hərbi diktaturaya keçdi? Axı müqavimət bir an da kəsilməmişdi?! Və orta təbəqənin nümayəndələri, xırda burjualar, Benedettinin "kontorlar ölkəsi” adlandırdığı Uruqvayın "tipik montevideoluları” fəhlələrlə birlikdə həm dinc, həm silahlı yolla çarpışırdılar. Latın Amerikasında isə inqilabların qələbəsində orta təbəqənin nümayəndələrinin rolu çox vaxt həlledici olur.

Görünür, daha nələrsə çatışmırdı və bu nələrsə heç də mübarizənin özündən az əhəmiyyətli deyilmiş...

***

Gizli fəaliyyət göstərən 4 dost. Silvio üçün inqilabçının etikası mövcuddur - o, əlində silah həlak olur.

Manolo üçün bütün vasitələr məqbuldur, mübarizədə heç bir əxlaq kodeksi yoxdur. O, bu fikirləri təbliğ edir, sonra isə sakit İsveçə köçüb obıvatel həyat tərzi sürür. Əslində o, hamını aldadır. Eynilə, "Gəlin yığışaq, siz gedin müharibəyə. Mən arxa cəbhədən sərkərdəlik edəcəm”.

Santyaqo "bizim mübarizəmizdə nə ev var, nə də ailə” deyir. Həbs olunur. Və bəlli olur ki, ev də var, ailə də.

Rolonda mühacirətə yollanır və həbsdəki Santyaqonun həyat yoldaşı Qrasiela ilə sevgi macərası yaşayır.

Benedetti qəhrəmanlarının daxili aləmini tədricən açdıqca, onların əməllərini təsvir etdikcə anlayırıq: Onlar (Silviodan başqa) əslində qəhrəman yox, anti-qəhrəmanlardır.

Ailə tellərini mübarizənin tonqalına atmağa hazır Santyaqo son döyüşündə əmisi oğlunu öldürür. Onlar uşaqlıqda bir yerdə böyüyüblər, yaxın dost olublar, indi isə əks barrikadalarda dayanıblar. Əmisi oğlu sadist və calladdır. Santyaqonu həbs etməyə onu yollayıblar və onun növbəti qurbanını tanıdığı an keçirdiyi çaşqınlığından yararlanaraq Santyaqo onu güllələyir.

Bu, inqilab naminə qətldir? Yox, bu sadəcə qətldir - heç nəyi dəyişməyən, bütün keçmişi və bu günü çalın-çarpaz xətlə silən qətldir. Və illər boyu bu hadisə Santyaqonun yuxusuna girəcək, onun ağrıyan vicdanına daha bir zərbə olacaq.

Benedettinin əsərlərində ailə və dostluq tellərinin diktatura şəraitində necə məhv edildiyi, qardaşın qardaşa silah qaldırması mövzusu mütəmadi təkrarlanır. Diktatura təkcə dünəni və bu günü yox, gələcəyi də məhv edir. Santyaqo türmədən çıxacaq, normal həyata dönəcək, ancaq kabus onu təqib etməkdən əl çəkməyəcək.

Hələliksə əsas olanı sağ qalmaqdır. Türmə rəisi deyir: "Biz vaxtımız olanda onların hamısını öldürmədik. Deməli, hansısa hissəsini azad etməli olacağıq. Elə etməliyik ki, azadlığa ağıllarını itirib çıxsınlar”. Nə deyəsən, amansız və səmimi etirafdır. Cəllad etirafıdır.

Və həbsdən çıxanlar, mühacirətdən dönənlər  yeni dünyanın yeni insanı ola bilmək şansını saxlayacaqlarmı?..
 
Bu bahar yarımçıq bahar olacaq. Bizə isə Vivaldinin "İlin fəsilləri”ndəki "Bahar lazımdır”...

***

O baharı yeni insanlar gətirməlidir. Kimdir o yeni insanlar?
 
Santyaqonun atası don Rafael sürgündə bu barədə düşünür: "Yeni nitq yaranacaq, onun sözləri də başqa olacaq - yaxşı sözlərin çoxu məhv edildi, itkin düşdü. Yeni isimlər, yeni sifətlər, yeni feillər. Hələ yaranmamış o yeni cəmiyyətdə sintaksis yeni olacaq, əvvəlcə zəif, özünəinamsız, ehtiyatlı, ancaq zaman keçdikcə özünə inamlı, yeni qaydalar və yeni istisnalar yaranacaq, vaxtsız yanmış sözlərin külündən yaxşılar dirçələcək, sağ qalanların və qayıdanların ittifaqı əmələ gələcək”.

O yeni cəmiyyəti isə mühacirətdən dönən yaşlılar və gənclər qurmayacaq (onların başqa missiyası var - o yeni dili yaratmaq). Qayıtmaq getməkdən də çətindir. O yeni cəmiyyəti mühacirlərin uşaqları da qurmayacaq - o uşaqlar ki, "yaddaşlarına həmişəlik Skandinaviyanın qarı, Teotiuakanın piramidaları, Latın məhəlləsinin narkomanları, Alamedanın dilənçi uşaqları, Karakasın sərxoşları, Madridin uğursuz çevrilişi, Almaniyanın neonasist toplantıları həkk olunub”.

Və o ölkəni indi o ölkədə qalan uşaqlar quracaq. O uşaqlar indi gördüklərini heç vaxt unutmayacaq, gördükləri isə dəhşətlərdir. Onlar özlərini hər şeyə və hamıya düşmən sayır, diktatura onların əlindən analarını, atalarını, qardaşlarını, hətta babalarını alıb. Onlar göz yaşının nə olduğunu bilir və doğmalarının qapalı tabutları başında ağlayırlar. Düzdür, əvəzində bu uşaqlara bayağı musiqi, əyləncə və oyunlar veriblər ki, başları qarışsın və yaddan çıxarsınlar. Ancaq nə vaxtsa o həqiqi ölkəni məhz onlar yaradacaq. 

Yaşlıların isə vəzifəsi odur ki, o uşaqlar gördüklərini unutmasın və yalnız yaşlıların gördüklərini də bilsinlər. Yaddaşı qorumaq. Sözləri tapmaq. Dili formalaşdırmaq.

Elə etmək ki, suallar dəyişdiriləndə də cavablar həminki qalsın.

Beləcə, yarımçıq bahar yox, Vivaldinin baharı gəlsin...