Video 15:08 08.04.2023

Məşhur azərbaycanlı boksçunun qohumu Almaniyada uğur qazandı (VİDEO/FOTO)

Azərbaycanlı boksçu Yusif Məmmədzadə Almaniyada növbəti uğurunu qazanıb.

2003-cü il təvəllüdlü həmyerimiz bu ölkədə keçirilən çempionatda mükafatçılar sırasına düşüb.

Bürünc medal əldə edən Yusif bundan əvvəl də müxtəlif yarışlarda fəxri kürsüyə qalxıb.

Almaniyada nüfuzlu bokçulardan sayılan gənc soydaşımızın bu idman növünə marağı təsadüfən yaranmayıb. Axı o, məşhur «dəri əlcək» sahibi Ədalət Məmmədovun yaxın qohumudur.

Sonuncunu tanımayan yoxdur. Ə.Məmmədov uzun illər Azərbaycan yığmasının şərəfini qoruyub və XXVI Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

1996-cı ildə keçirilən Atlanta Olimpiadasında birinci görüşdə Çex Respublikasının nümayəndəsi Petr Horeçek ilə üz-üzə gəlib. Həmin görüşün sonuna 70 saniyə qalmış Məmmədov rəqibini nokauta salıb.

Növbəti qarşılaşmada fransalı Jos Blokyu qarşılaşan Ədalət Məmmədov yenə nokaut ilə qələbə qazanıb və 1/4 finala adlayıb.

Ən azı bürünc medalı təmin etmək üçün onun rəqibi nigeriyalı Dunkan Dokivari idi. Həmin görüşdə Ədalət üstün tərəf olsa da, yekunda hakimlərin qərəzli mövqeyi ilə üzləşib və yarışları 5-ci yerdə başa vurub.

125 kq çəki dərəcəsində vuruşan Məmmədov 2003-cü ildə ürək çatışmazlığından vəfat edib.