1980-ci ildə ekranlara çıxan və dövrünün ən məşhur filmlərindən biri sayılan "Mavi Göl" (The Blue Lagoon) filminin çəkiliş meydançasında baş verən maraqlı hadisə illər sonra yenidən gündəmə gəlib.
Qaynarinfo-nun məlumatına görə, aktyor Kristofer Atkins "Media Path" podkastında bildirib ki, filmin rejissoru Rendall Klayzer ekran sevgisinin daha inandırıcı görünməsi üçün onu və tərəf müqabili Bruk Şildsi real həyatda da romantik münasibət qurmağa həvəsləndirib.
Atkinsin sözlərinə görə, rejissor bununla kifayətlənməyib. O, aktyorun qaldığı gəmidəki otağında yatağının qarşısına Bruk Şildsin şəklini asdırıb ki, hər gün onu görərək hisslər formalaşdırsın.
Lakin bu cəhd nəticə verməyib. Çəkilişlərin əvvəlində tərəflər arasında müəyyən simpatiya yaransa da, rejissorun israrı münasibətin davam etməsinə mane olub. Atkins qeyd edib ki, əvəzində onlar yaxşı dost olublar və Bruk Şilds ona aktyorluğun incəliklərini öyrənməkdə böyük dəstək verib.
Bruk Şilds də daha əvvəl verdiyi müsahibələrdən birində həmin dövrdə üzərində böyük təzyiq hiss etdiyini bildirib. O deyib ki, həmin vaxt cəmi 15 yaşı var idi və heç kimi öpməmişdi. Aktrisa insanların onları mütləq bir-birinə aşiq görmək istəməsindən narahat olduğunu söyləyib.
Şilds eyni zamanda filmdə yer alan çılpaq səhnələrin onda psixoloji narahatlıq yaratdığını da etiraf edib.
Aydın
Şərhlər