Xəbər lenti

Perseid meteor yağışı nə vaxt görünəcək?  -  Ən möhtəşəm səma hadisələrindən biri başlayır
Dünya 23:21 15.07.2026

Perseid meteor yağışı nə vaxt görünəcək? - Ən möhtəşəm səma hadisələrindən biri başlayır

Bir neçə gündən sonra gecə səmada ilin ən möhtəşəm astronomik hadisələrindən biri – Perseid meteor yağışı başlayacaq.

Qaynarinfo-nun Unian-a istinadən məlumatına görə, meteor yağışını iyulun 17-dən avqustun 24-dək müşahidə etmək mümkün olacaq. Axının ən yüksək fəallığı isə avqustun 12-dən 13-nə keçən gecə gözlənilir. Əlverişli hava şəraitində həmin vaxt saatda 80-ə qədər meteor görünə bilər.

Perseid meteor yağışı Yerin 109P/Swift-Tuttle kometinin orbitində qalan toz və kiçik hissəciklərdən keçməsi nəticəsində yaranır. Atmosferə daxil olan bu hissəciklər yanaraq səmada parlaq işıq zolaqları əmələ gətirir. Onların əksəriyyəti qum dənəsi ölçüsündə olsa da, bəzən daha iri hissəciklər də atmosferdə yanaraq olduqca parlaq görüntü yaradır.

Meteor axını adını Persey bürcündən alıb. Müşahidəçilərə elə görünür ki, meteorlar məhz bu bürcdən çıxır. Əslində isə bu, perspektiv effektindən qaynaqlanır.

Perseidləri izləmək üçün teleskop və ya durbin tələb olunmur. Bunun üçün şəhər işıqlarından uzaq, səmanın açıq göründüyü bir məkan seçmək kifayətdir. Mütəxəssislər meteor yağışını gecə yarısından sonra və səhərə yaxın saatlarda izləməyi tövsiyə edirlər. Daha rahat müşahidə üçün isti geyim, rahat oturacaq və ya örtük, eləcə də gözlərin qaranlığa uyğunlaşmasını pozmayan qırmızı işıqlı fənərdən istifadə etmək məsləhət görülür.

Ayın parlaq işığı meteorların görünməsinə mane ola biləcəyi üçün Ayın səmanı az işıqlandırdığı gecələr daha əlverişli hesab edilir.

Alimlər üçün də böyük əhəmiyyət daşıyan Perseid meteor yağışı axının fəallığını, hissəciklərin xüsusiyyətlərini və onları yaradan kometin davranışındakı dəyişiklikləri öyrənməyə imkan verir.

Mütəxəssislərin sözlərinə görə, Perseidlərin ən maraqlı xüsusiyyəti onların gözlənilməz olmasıdır. Hansı anda xüsusilə parlaq meteor və ya od topunun görünəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Əgər pik fəallıq gecəsində hava şəraiti əlverişsiz olarsa, narahat olmağa dəyməz. Çünki meteor axınının yüksək aktivliyi daha bir neçə gün davam edir.

Qeyd edək ki, avqustun 12-də daha bir nadir astronomik hadisə – tam günəş tutulması baş verəcək. Həmin gün Ay Qrenlandiya, İslandiya və İspaniyanın şimalında Günəşi tam örtəcək. Digər ölkələrdə isə qismən günəş tutulması müşahidə ediləcək. Beləliklə, avqustun 12-si səma həvəskarları üçün iki möhtəşəm astronomik hadisə ilə yadda qalacaq.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->