Şou-biznes nümayəndələrinin "saxta toy” iddiaları cəmiyyətdə geniş rezonans doğurub.
Qaynarinfo xəbər verir ki, aktrisa Pərvin Abıyeva və müğənni Nadir Qafarzadə bu mövzuda sərt fikirlər səsləndirib. Pərvin Abıyevanın sözlərinə görə, yaşı 40-ı keçənlər özlərinə saxta toy edirlər:
"Bunu edənlər pul yığmaq, adını təmizə çıxarmaq üçün edir. Modelə 5-10 min verirsən, gəlib yanında oturur. Toydan sonra da hərə öz evinə”.
Bu səbəbdən də Azərbaycanda saxta evliliklərin sayı artmaqda davam edir. Bunun qarşısını necə almalı?
Hüquq müdafiəçisi Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında saxta evliliklərin ən aktual məsələlərdən biri olduğunu xatırladıb:
"Faiz etibarilə az və ya çox olmasına baxmayaraq, bu problem həmişə aktual olub. Saxta evliliklərin artması pis tendensiyadır. Pul toplamaq məqsədilə toy etmək məsələsi təkcə saxta evliliklə bağlı deyil. Hətta birtərəfli qaydada, ailə quracaq şəxs olmadığı halda toy edərək pul toplayan insanlar var. Ümumiyyətlə, saxta evlilikləri aşağıdakı kateqoriyaya ayırmaq olar:
1.Populyar adamlar arasında bağlanan saxta evliliklər. Bu, iki məqsədlə edilir: özünü cəmiyyətə ailə dəyərlərinə önəm verən şəxs kimi təqdim etmək və miras əldə etmək;
2.Hər hansı bir əmlakın əldə edilməsi;
3.Hansısa sosial yardım, yaxud digər yardımlar əldə etmək məqsədi daşıyanlar”.
Səməd Vəkilovun sözlərinə görə, saxta evlilik təkcə bizim ölkədə deyil, Rusiya və Avropada daha çox geniş yayılıb:
"Vaxtilə Rusiyada vətəndaşlıq əldə etmək üçün digər ölkələrdən gələn vətəndaşlar rus qadınları ilə nikah bağlayaraq vətəndaşlıq əldə edirdilər. Hazırda bu məsələ Avropa ölkələrində qazanc mənbəyinə çevrilib. Avropa vətəndaşlığı olan xanımlar digər ölkələrdən gələn şəxslərlə ‘centlmen sazişi’ bağlayaraq, pul qarşılığında onlarla müvəqqəti nikaha girməklə vətəndaşlıq əldə etməyə yardımçı olurlar. Türkiyə Cümhuriyyətində də bu hal geniş yayılıb”.
Psixoloq Nail Cəlilin fikrincə, saxta evliliklər çox köhnə problemlərdən biridir:
"Təxminən 15-20 il əvvəl, hətta sovet dövründə də bu problem vardı. Əvvəl bu məsələ mental baxımdan qapalı saxlanılırdısa, indi artıq qloballaşma şəraitində insanlar bunu o qədər də problem saymırlar. İndi saxta toy edənlərin məqsədi bir qədər fərqlidir. Bu halın kütləvi olduğuna inanmıram. Ancaq az da olsa, müəyyən faktlar var və bu, artmaqda davam edir. Bəzən elələri var ki, heç boşanmamış ikinci, yaxud üçüncü evliliyə imza atır. Evli ola-ola başqası ilə evlilik həyatı yaşayır. Bütün bunlar arzuolunmaz haldır”.
Nail Cəlil "od olmayan yerdən tüstü çıxmaz” ifadəsinin burada öz yerinə düşdüyünü vurğulayıb:
"Düşünürəm ki, cəmiyyət bu hadisələrin qarşısını almaq üçün ilk növbədə mental dəyərlərə bağlılığın təbliğatını gücləndirməlidir. Mətbuat da ailə dəyərlərinin qorunmasında maraqlı olmalıdır. Ailənin saxtakarlıqdan uzaq olması, demokratik, sivil, milli dəyərlərə söykənməsi çox önəmlidir. Saxtalıqla özünü təmizə çıxarmaq istəyənlərin, güman ki, keçmişində, bu günündə, həm də təbii olaraq gələcəyində böyük natamamlıq kompleksi var. Bu problem də ondan ibarətdir ki, insanlar cəmiyyətin qınaqlarından da çəkinirlər. Bu kəsimin sayı elə də böyük deyil”.
Psixoloqun fikrincə, cəmiyyət belə məsələlərə qarşı durmasa, lazım olduğundan artıq dözümlülük göstərsə, bunun kütləviliyə çevrilməsi ehtimalı böyükdür:
"Ona görə də bu faktların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirici tədbirlər görülməlidir”.
Bahar Rüstəmli
Şərhlər