Eyni gündə, eyni anadan, eyni kənddə doğulan iki əkiz qardaş… Eyni təbəssüm, eyni qara gözlər, eyni qan. Lakin müharibə onları tamamilə fərqli tərəflərə salıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır.
Nəşrin məlumatına görə, 26 yaşlı Oleksiy Boşin 2022-ci ildə əsir düşən keçmiş ukraynalı dəniz piyadasıdır və üç ildən çoxdur Rusiyada hərbi əsir düşərgəsində ağır şəraitdə saxlanılıb.
Eyni zamanda onun eyni yumurta əkizi Viktor Boşin Rusiya tərəfindən işğal olunmuş Xerson vilayətində qalıb və hazırda Rusiya ordusuna çağırılmış əsgərdir. Ukrayna dövlətinin baxışına görə isə o, kollaborasionist hesab olunur.
Məqalədə bildirilir ki, qardaşlar 2020-ci ildən bəri şəxsi olaraq görüşməyiblər, lakin əvvəllər çox yaxın olublar. Onlar Xerson vilayətinin Abrikosivka kəndində böyüyüb, uşaqlıqdan birlikdə idmanla məşğul olub və köhnə maşınları təmir ediblər.
Oleksiy 2019-cu ildə Ukrayna dəniz piyadalarına qoşulub. Viktor isə ailəli və uşaq sahibi olduğu üçün bizneslə məşğul olaraq kənddə qalıb. Müharibədən əvvəl onlar Avto ehtiyat hissələri biznesi də aparıblar.
2022-ci ildə genişmiqyaslı işğaldan əvvəl Oleksiy Mariupol yaxınlığında yerləşdirilmişdi. Qardaşların yaşadığı bölgə isə qısa müddətdə işğal altına düşüb.
Məqaləyə görə, Mariupolda gedən döyüşlərdə onun bölüyü ağır itkilər verib. Əsgərlər bəzən şəhidlərini futbol meydançasında qazılmış dayaz məzarlara dəfn edirdilər.
12 aprel tarixində mühasirəyə düşən bölük təslim olub və Oleksiy əsir götürülüb. O, Donbasda və daha sonra Rusiyanın Kostroma şəhərində yerləşən düşərgədə saxlanılıb.
Onun sözlərinə görə, ukraynaca danışdığı üçün döyülüb və çox ağır şəraitdə yaşayıb.
Sonradan ona göndərilən məktublardan ailəsinin Odessada olduğu, lakin əkiz qardaşı barədə heç bir məlumat olmadığı məlum olub. Daha sonra rus nəzarətçilər ona Viktorun Rusiya ordusuna qoşulduğunu bildiriblər.
Məqalədə qeyd olunur ki, Oleksiyə qardaşı ilə görüşmək müqabilində Rusiya pasportu qəbul etmə təklif olunub, lakin o, imtina edib.
Daha sonra hər iki qardaş təbliğat məqsədilə istifadə olunub: Oleksiy əsirlikdə videoya çəkilib, Viktor isə Rusiya ordusunda forma ilə çıxış edib və Rusiya televiziyasında müsahibə verib.
Oleksiy qardaşı ilə bağlı hissini bir sözlə ifadə edib: "Günah”.
O hesab edir ki, əgər özü Ukrayna ordusunda xidmət etməsəydi və əsir düşməsəydi, Viktor Rusiya ordusuna məcbur edilməzdi. Hazırda qardaşların yenidən görüşməsi ehtimalı çox zəif görünür.
Aydın
Şərhlər