İran və ABŞ arasında sazişin imzalanması bazar gününə planlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Barak Obamanın prezidentliyi dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahının hazırlanmasına başlamağa imkan verib. Vaşinqton və Tehran arasındakı hazırkı sövdələşmə isə dünyada nüvə təhlükəsizliyinə zəmanət verərək Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksini təşkil edir.
"Mənim İranla sazişim bunun tam əksidir, nüvə silahının olmaması yolunda divardır! Faktiki olaraq, onlar artıq nüvə silahı istəmirlər və ona sahib olmayacaqlar - nə satın alma, nə hazırlama, nə də hər hansı digər əldə etmə forması ilə.
Sövdələşmənin imzalanması sabaha planlaşdırılıb və bundan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq", - paylaşımda bildirilir.
O əlavə edib ki, tərəflər arasındakı münasibətlər əvvəlkindən xeyli yaxşılaşıb. Onun sözlərinə görə, ABŞ zənginləşdirilmiş uranı da İrandan çıxarmağı planlaşdırır. "Biz gələcək uzun illər ərzində İranla və bütün Yaxın Şərqlə əməkdaşlığı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu proses sürətli və asan keçəcək. Əgər belə olmasa, son alternativimiz var. Ümid edirəm ki, onu bir daha heç vaxt tətbiq etmək lazım gəlməyəcək!", - Tramp yekunlaşdırıb.
Şərhlər