Xəbər lenti

Ayxan Abbasovla tarixə səyahət
Amal Abuşov
İdman 11:03 06.06.2026

Ayxan Abbasovla tarixə səyahət

Sağ olsun Ayxan Abbasov. Yox, mən millimizin Malta ilə oyunda yaratdığı "çoxsaylı qol vəziyyətləri”nə görə ona təşəkkür etmək fikrində deyiləm. Onsuz da AFFA-nın futboldan bixəbər başbilənlərindən və futbol qurumunun ətrafında gəzib-dolaşanlardan yetərincə tərif eşidəcək. Bu "çətin” missiyanı mən onlara saxlayıram. Mənim təşəkkürümün səbəbi Ayxan bəyin bizi tarixə səyahətə aparmasıdır. Onun sayəsində mən təxminən 25 il əvvələ qayıtmışam, özümü xeyli gənc hiss etmişəm.

Ayxan bəy deyib ki, Matla ilə oyunda millimizin futbolçuları xeyli qol vəziyyəti yaradıblar. Guya ki, çoxdandır belə olmurmuş. Martın 27-də Azərbaycan millisi Sent Lusiya adlanan bir ada ölkəsinin qapısına 6 qol  vurmuşdu. Demişdilər ki, bu 6 qol millimizin üzvlərinin "ayağını açacaq”, onların özünə inamını qaytaracaq. İndi nə oldu? Yenidən qol vura bilməməyimizə üzülməyib, qol vəziyyəti yaratmağımıza görə sevinməyə başladıq? Belə etsək Syerra Leone ilə oyunda penalti zərbələrindən sonra qazandığımız kubok bizə qənim olmazmı? Axı o kubok çox kövrək və bapbalaca idi. Lap AFFA-nın baş katibi Cahangir Fərəcullayevin ovuclarının içi boyda. 

Bu özü balaca, amma bizə dünya boyda xoşbəxtlik gətirən kubokun xətrinə niyə dəyirsiz? Biz o kubokun davamını gözləyirik. Təcili FİFA-dan xahiş etmək lazımdır. Onların başı dünya çempionatının təşkilinə qarışıbsa, UEFA bizə yeni turnur keçirsin. Lap elə San Marino ilə yoxlama oyununun statusunu dəyişib, Avropanın yay kuboku fason bir ad fikirləşmək olar. Əsas odur ki, San Marinonu məğlub edib, əhvalımızı düzəldək. Final fitindən sonra kapitan Emin Mahmudovla Cahangir Fərəcullayev Sərxan Hacıyevin əlindən kubok alıb, onu göylərə qaldırsın. Özü bapbalaca, bəxş etdiyi xoşbəxtılik dünyalardan böyük kubok yenidən bizi sevindirsin. Ovuc içi boyda xoşbəxtliyimizi alıb, futbolumuzun problemlərini unudaq.

Keçmiş nazirin keçmiş müavini Şakir Şəkəroviçin dillər əzbəri olan sözündə deyildiyi kimi. Tez-tez özüm də bu sözlərdən yararlanıram. Deyir ki, məni "dütdülü” ilə təbrik edirlər. İndi Ayxan Abbasov da bizi görün nəylə ovundurur. Millimiz adı dünyanın futbol xəritəsində olmayan, bizim kimi ikinci yüzlüyün daimi sakini Malta ilə oyunda xeyli qol vəziyyəti yaradıbmış. Bərəkallah! 

Azərbaycan millisi rəhmətlik Əhməd Ələsgərovun rəhbərliyi altında Rumıniyanı Bakıda qəbul edəndə Ayxan Abbasov "Şəfa”da oynayırdı, Cahangir Fərəcullayev isə gələcəyin şərqşünası kimi ali təhsil alırdı. Biz üst-başımızı cırıb, Respublika stadionunun hasarlarından meydana girirdik. UEFA millinin oyunlarına bilet satışını Gənclər və İdman nazirliyinin əliylə məhdudlaşdırmışdı. Hə, onda bizim millimiz rumınlardan üstün futbol oynasa da, topu qapıdan keçirə bilməmişdi. Lıçkin boş qapının önündə əlverişli fürsəti boşa vermişdi. Ələsgərov da mətbuat konfransında demişdi ki, Lıçkin topa ayağıyla yox, başıyla zərbə vursaydı, qol olacaqdı, amma mən bu yaşında ona futbol oynamağı öyrədə bilmərəm. 

İndi futbolçularımız yağ içində böyrək kimi yaşayır, AFFA-dan mənasız oyunlardakı qələbələrə görə mükafatlar alırlar. Millimiz əsl milyonçular kimi Avstriyaya bir təyyarə adamla gedir, Malta və San Marino ilə oynamaqdan ötrü 10 günlük təlim-məşq toplanışı təşkil edilir. Di gəl ki, nəticə yoxdur. İndi bizim millinin heyətində Lıçkinlə müqayisə ediləcək futbolçu da tapılmaz. Ayxan Abbasov bu yaşda Mahir Emreliyə, Renat Dadaşova və digərlərinə futbol oynamağı öyrədə bilməz. Boşuna ümid edib, yalan-palanla şou yaratmaq lazım deyil. Qısa və konkret: futbolçu yetişdirmək lazımdır!

Amal Abuşov
--> -->