Dünya 16:24 23.11.2022

Müharibənin həlledici dövrü: Rusiya ilə sülh danışıqlarına çağırışlar niyə təhlükəlidir?

Qaynarinfo "Atlantic Counsil” Araşdırma mərkəzinin elmi əməkdaşı Piter Dikinsonun yazısını təqdim edir:

Hələ də Putin Rusiyası ilə danışıqlar yolu ilə həllə inanan hər kəs Xersonun azad edilməsi görüntülərini mütləq baxmalıdır.

Xersonun azad edilməsi Rusiya işğalının başlanmasından bəri ən əlamətdar səhnələrdən birinə səbəb oldu. Ukrayna qoşunlarının şəhərə gəlişi səkkiz aydır Rusiya işğalına dözmüş mülki əhalinin ifadəedilməz sevincinə gətirib çıxardı. "İşğaldan azad etmə məhz belə görünür. İşğaldan azad etmə məhz buna oxşayır", - deyə CNN-in müxbiri Nik Robertson şəhərdən bir çox yaddaqalan reportajlardan birini şərh edir. "Sky News” müxbiri Aleks Rossi rusların geri çəkilməsini alqışlayan hədsiz sevincli yerli əhalinin əhatəsində olduğu üçün atmosferi "eyforiya" adlandırıb.

Xersonda ağır şərtlərə və heç bir şəraitin olmamasına baxmayaraq, rus qoşunlarının çıxarılması xəbəri məlum olduqdan dərhal sonra şəhərdə şənliklər başladı. AFP ilə söhbətində Xerson sakinlərindən biri azad edilmiş şəhərdəki əhval-ruhiyyəni ümumiləşdirib: "Bizdə nə işıq, nə su, nə istilik, nə mobil rabitə, nə də internet var. Amma bizdə ruslar yoxdur! Mən çox xoşbəxtəm. Başımıza hər bir iş gələ bilər, amma əsas odur ki, biz azadıq”.

Hələ də Putin Rusiyası ilə danışıqlar yolu ilə həllə inanan hər kəs bu görüntülərə mütləq baxmalıdır. Kremlin Ukraynada soyqırım planları olduğuna dair bir çox dəlillərə baxmayaraq, beynəlxalq mediada Ukraynanın Qərb tərəfdaşlarının sülh danışıqlarına başlamaq üçün ölkəyə təzyiq göstərməsinin vaxtının çatdığı iddiası ilə bağlı xəbərlər üzücü müntəzəmliklə dərc olunmağa davam edir.

Bu cür məqalələrin müəllifləri kompromisin labüdlüyünü vurğulamazdan əvvəl adətən Rusiyanın cinayətkarlığını etiraf edirlər. Şəhərin azad edilməsindən sonra Xersonu bürüyən emosiya dalğası "sakitləşdirmə” siyasətinin tərəfdarlarına vaxtında xatırlatdı ki, Kremllə kompromis əslində milyonlarla ukraynalının Rusiya işğalının dəhşətlərinə məhkum edilməsi deməkdir.

Bu məqamda heç bir vicdanlı müşahidəçi Rusiyanın işğal olunmuş Ukraynadakı hərbi cinayətlərindən xəbərdar olduğunu artıq inkar edə bilməz. Ölkənin azad edilmiş hər bir bölgəsində Ukrayna qüvvələri kütləvi məzarlıqlar və işgəncə kameraları, eləcə də milyonlarla qurbanın iştirak etdiyi adam oğurluğu, edamlar, cinsi zorakılıq və məcburi deportasiya ilə bağlı faktlarla üzləşib.

Bu arada Rusiyanın Mariupol kimi şəhərləri metodik şəkildə bombalaması on minlərlə ukraynalı dinc sakinin ölümünə səbəb olduğu güman edilir. Bu vəhşilikləri sənədləşdirmək cəhdləri hələ ilkin mərhələdədir, lakin BMT müfəttişləri artıq Rusiyanın Ukrayna vətəndaşlarına qarşı hərbi cinayətlər törətdiyini təsdiqləyiblər.

Rusiya işğalçı qüvvələri də Ukrayna milli kimliyinin bütün izlərini məhv etmək istədiklərini gizlətmirlər. Kreml harada nəzarəti ələ keçirdisə, orada Ukrayna dili sıxışdırılıb və Ukrayna pul vahidi tədricən dövriyyədən çıxarılıb. Ukrayna mediasına giriş bağlanıb. Ukrayna məktəblilərinə dərs demək üçün Rusiyadan müəllimlər gətirilib. Eyni zamanda, Kreml rəsmiləri və rejimin təbliğatçıları Ukrayna dövlətçiliyini ləğv etmək niyyətlərini açıq şəkildə bəyan ediblər və Ukraynanın mövcudluq hüququnu soyqırım yolu ilə inkar etdiklərini bəyan ediblər. Belə demək olarsa, xarici siyasət realistlərinə görə, Ukrayna bu iyrənc reallığı qəbul etməyə məcbur olmalıdır.

Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib. Yaxın gələcəkdə əldə edilən istənilən sülh razılaşması qaçılmaz olaraq bu ərazinin bir hissəsinin və ya hamısının qeyri-müəyyən müddətə Moskvaya verilməsi ilə nəticələnəcək. O zaman milyonlarla ukraynalı çıxılmaz gələcəklə üzləşəcək. Çoxları əzablı seçim edəcək: əvvəlki həyatlarını və bütün var-dövlətlərini atıb azad Ukraynaya qaçmaq. Qalanlar isə müqavimət göstərməyə davam etsələr, Rusiya imperiya kimliyini qəbul etməyə məcbur olacaq və ya amansız repressiyalarla üzləşəcəklər.

Risklərə baxmayaraq, müqavimətin davam edəcəyi ehtimalı var. Azad edilmiş Xersonda emosiyaların alovlanması ölkənin işğal olunmuş rayonlarında Ukrayna milli hisslərinin güclü olduğunu vurğuladı və Moskvanın yerli əhalinin dəstəyinin aldığı fikri gülüşə səbəb oldu. Putinin qoşunlarının Xersondan geri çəkilməsinə bir neçə həftə qalmış Kreml sakinlərin 87%-nin Rusiyaya qoşulmağa səs verdiyini bildirib. Rusiyanın geri çəkilməsini alqışlayan geniş ictimai sevinc bu rəqəmin absurdluğunu açıq şəkildə nümayiş etdirdi.

Hər kəsin nədən qorxduğu mənə tam aydın deyil. Ukrayna artıq Rusiyanın hərbi məğlubedilməzliyi mifini dağıdıb və təxminən doqquz ay əvvəl işğal başlayandan bəri işğal etdiyi ərazilərin yarıdan çoxunu uğurla azad edib. Putinin bir vaxtlar tərifə layiq görülmüş ordusu ruhdan düşərək məhv edilib, rus diktatorunun özü isə beynəlxalq "yaramaza” çevrilib. Onun enerji "silahları” qismən "tərksilah” edilib və bu yaxınlarda Çinin məzəmmətlərindən və ABŞ-ın sərt xəbərdarlıqlarından sonra nüvə şantajı cəhdlərindən uzaqlaşmağa məcbur olub. Hazırda Putinə simasını xilas edən sülh sazişi təklif etməyin heç bir strateji mənası yoxdur.

Görünür ki, indiyə qədər Qərb liderləri danışıqlara qayıtmaq çağırışlarına məhəl qoymurlar. Əksinə olaraq, onlar israr edirlər ki, diplomatik səylərin bərpası ilə bağlı istənilən qərar yalnız Ukrayna tərəfindən verilə bilər. Bununla belə, müharibə uzandıqca və Ukraynanın tərəfdaşları üçün iqtisadi xərclər artmağa davam etdikcə, Ukraynanın Rusiyaya güzəştə ehtiyacı ilə bağlı səslər daha da güclənəcək.

Müharibə potensial həlledici dövrə girdiyindən hər-hansı kompromislərin hədsiz baha başa gələcəyini xatırlamaq çox vacibdir. Ukrayna üçün bu, milyonlarla vətəndaşa xəyanət və onların atılması demək olardı. Qərb liderləri üçün bu, demokratik dünyanın fundamental dəyərlərini qurban verərək Putinə daha çox güc və səlahiyyət vermək deməkdir. Təcavüzkar və revizionist Rusiyanın yaratdığı problemlər həll olunmamış qalacaq, eyni zamanda Qərbin mövqeyi xeyli zəifləyəcək.

Heç kim sülhü ukraynalıların özündən daha çox istəmir. Onların ölkəsi rus işğalı ilə viran qalıb və əhalisi dərin travma alıb. Minlərlə insan öldürülüb, milyonlarla insan qaçmağa məcbur olub. Lakin ukraynalılar da başa düşürlər ki, sülhün Avropaya qayıtması üçün ilk olaraq Putin məğlub edilməlidir. Onların tələb etdiyi tək şey beynəlxalq tərəfdaşlarının davamlı dəstəyidir. Bu dəstəyi göstərməyin yollarından biri də vaxtından əvvəl sülh üçün faydasız çağırışları dayandırmaqdır.


Tərcümə: Nizami Bağırov
Qaynarinfo