Xəbər lenti

NASA-nın Plutonla bağlı addımı: Doqquzuncu planet adı geri qayıdır?
Dünya 18:53 01.05.2026

NASA-nın Plutonla bağlı addımı: Doqquzuncu planet adı geri qayıdır?

NASA-nın yeni rəhbəri Cared İsakman 2006-cı ildə cırtdan planet kateqoriyasına salınan Plutonun statusunun bərpası üçün təşəbbüs göstərildiyini açıqlayıb. Senatda çıxış edən İsakman, kəşfçi Klayd Tombounun irsini qorumaq məqsədilə elmi ictimaiyyətdə geniş müzakirələrə yol açacaq addımlar atıldığını bildirib.

Qaynarinfo xəbər verir ki, Pluton 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən "cücə planet” kimi təsnif edilib və bu qərar uzun illərdir elmi dairələrdə mübahisə mövzusu olaraq qalır. İsakmanın son açıqlamaları isə bu mövzunun yenidən gündəmə gətiriləcəyinə işarə edir.

Beynəlxalq Astronomiya İttifaqının qaydalarına əsasən, bir səma cisminin planet sayılması üçün üç şərt mövcuddur: Günəş ətrafında fırlanması, kifayət qədər kütləyə sahib olub kürə formasını alması və orbitini digər obyektlərdən təmizləməsi. Pluton Kuiper qurşağındakı digər cisimlərlə eyni orbit bölgəsini paylaşdığı üçün son şərti yerinə yetirmədiyi əsas gətirilərək planet statusunu itirmişdi. Lakin Plutonun müdafiəçiləri bu qaydanın digər planetlərə eyni şəkildə tətbiq olunmadığını irəli sürürlər.

Senatda büdcə müzakirələri zamanı danışan İsakman Plutonun kəşfçisi Klayd Tombounun əməyinin layiqincə qiymətləndirilməli olduğunu vurğulayıb. O, NASA-da bu mövzuda elmi araşdırmaların və sənəd hazırlıqlarının aparıldığını da qeyd edib.

Pluton ABŞ-də xüsusi simvolik əhəmiyyət daşıyır. 1930-cu ildə kəşf edilən bu göy cismi bir amerikalı tərəfindən tapılmış yeganə "planet” kimi tarixə düşüb. 2015-ci ildə "New Horizons” kosmik aparatı tərəfindən göndərilən görüntülər Plutonun sadəcə buzlu və cansız bir obyekt olmadığını, əksinə geoloji baxımdan aktiv və mürəkkəb struktura malik bir dünya olduğunu ortaya qoymuşdu.

NASA rəhbərliyinin bu mövqeyi elmi qərarı birbaşa dəyişməsə də, müzakirələrin yenidən güclənməsinə səbəb ola bilər. Son qərar isə hələ də Beynəlxalq Astronomiya İttifaqının səlahiyyətində qalır. Bununla belə, NASA-dan gələn bu açıq dəstək 20 ildir davam edən elmi mübahisəni yenidən alovlandırır.

Aydın
--> -->