NATO-nun baş katibi Mark Rutte İtaliyanın Baş naziri Corcia Meloni ilə bağlı mübahisə doğuran iddia səsləndirib.
Qaynarinfo xəbər verir ki, Ruttenin "ABŞ-a məxsus 500 təyyarə İtaliyadakı Amerika bazalarından havaya qalxdı" sözləri Romada təəccüblə qarşılanıb, müxalifətdəki sol qüvvələr isə hökuməti sərt tənqid edib.
İtaliya mətbuatının yaydığı məlumata görə, Mark Rutte ABŞ-ın "Fox News" telekanalına müsahibəsində Avropa müttəfiqlərinin Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarına dəstək vermədiyi barədə iddialara cavab verərkən belə deyib:
"Məyusluğu tam başa düşürəm. Ancaq İtaliyanı nümunə götürsək, "Epik qəzəb" əməliyyatına dəstək məqsədilə İtaliyadakı Amerika bazalarından 500 ABŞ təyyarəsi havaya qalxıb. Bu, çox böyük rəqəmdir. Bütün Avropaya baxdıqda isə söhbət 4-5 min uçuşdan gedir".
Ruttenin bu açıqlamaları İtaliyada geniş rezonans doğurub. Müxalifətdəki sol partiyalar Corcia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökumətini sərt tənqid edərək izahat tələb edib. Hökumət adından ilk reaksiyanı müdafiə naziri Quido Krosetto verib.
Krosetto yazılı bəyanatında bildirib ki, İtaliya və Müdafiə Nazirliyi hər zaman konstitusiyaya, beynəlxalq razılaşmalara, parlament qərarlarına və müttəfiq hərbi bazaların ölkə ərazisində istifadəsini tənzimləyən müqavilələrə uyğun fəaliyyət göstərib. Onun sözlərinə görə, mövcud qaydalardan kənar heç bir fəaliyyətə icazə verilməyib.
Krosetto ABŞ-ın martın 31-də Siciliyadakı Siqonella bazasından istifadə etmək istəyinə icazə verilmədiyini xatırladaraq bildirib:
"Hökumət parlament qarşısında verdiyi öhdəlikləri tam şəkildə yerinə yetirib. Mövcud razılaşmalar çərçivəsində yalnız texniki və logistika xarakterli fəaliyyətlərə icazə verilib. Hərbi əməliyyat və ya hücum xarakterli fəaliyyətlərə icazə verilməyib. Bu çərçivədən kənara çıxan müraciətlərə İtaliya razılıq verməyib".
Nazir əlavə edib ki, NATO baş katibinin "Epik qəzəb” əməliyyatı ilə əlaqəsi olmayan uçuşları həmin əməliyyatla əlaqələndirməsi reallığı əks etdirmir.
"Sadə bir yoxlama baş verənlərin düzgün anlaşılması üçün kifayət edərdi. İtaliya yalnız müqavilələrdə nəzərdə tutulan və hərbi hücum xarakteri daşımayan uçuşlara icazə verir. Bu yanaşma keçmişdə olduğu kimi indi də davam edir və gələcəkdə də davam edəcək”, deyə bəyanatda qeyd olunub.
Meloni nə demişdi?
Baş nazir Corcia Meloni ABŞ-ın İtaliyadakı hərbi bazalarının İrana qarşı əməliyyatlarda istifadə olunması ehtimalı ilə bağlı suala cavabında bildirib:
"Hazırda bu istiqamətdə hər hansı müraciət yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, biz müharibə vəziyyətində deyilik və müharibəyə daxil olmaq istəmirik".
Müxalifətdən hökumətə təzyiq
Müxalifətdəki sol partiyalar Ruttenin açıqlamalarından sonra hökumətdən parlamentdə ətraflı izahat tələb ediblər. Əsas müxalifət qüvvəsi olan Demokrat Partiyasının deputatı Cüzeppe Provenzano Meloni hökumətinin məsələ ilə bağlı təcili açıqlama verməli olduğunu bildirib.
"Beş Ulduz Hərəkatı"nın lideri Cüzeppe Konte isə sosial şəbəkədə yazıb:
"Hökumətin və onu dəstəkləyənlərin yaratdığı mif dağıldı. Ruttenin sözləri bizim uzun müddətdir dediklərimizi təsdiqləyir. Benyamin Netanyahunun Donald Trampı cəlb etdiyi və İtaliya iqtisadiyyatına ciddi zərər vuran qanunsuz İran müharibəsi üçün İtaliyadan 500 təyyarə havaya qalxıb. Baş nazir Meloni parlament və xalq qarşısında izahat verməlidir".
"Yaşıllar və Sol Alyans"ın lideri Ancelo Bonelli də Ruttenin açıqlamasının Meloni hökumətinin yalanlarını üzə çıxardığını bildirib.
ABŞ ilə İran arasında İsrailin hücumundan sonra başlayan qarşıdurma Donald Tramp və Avropadakı ən yaxın siyasi müttəfiqlərindən biri sayılan Corcia Meloni arasında münasibətlərə də təsir göstərib. Müharibənin başlamasından bir müddət sonra İtaliyanın ABŞ-ın Yaxın Şərqə göndərdiyi bəzi təyyarələrin Siciliyadakı Siqonella bazasından istifadəsinə icazə vermədiyi məlum olmuşdu.
ABŞ prezidenti Donald Tramp bunu əsas gətirərək İtaliyanın İranla bağlı əməliyyatlarda Vaşinqtona lazımi dəstək göstərmədiyini bildirmiş və son aylarda Meloni ilə arasında ciddi fikir ayrılıqları yaranmışdı.
Aydın
Şərhlər