Xəbər lenti

NATO gələcəyin müharibəsinə hazırlaşır: Ucuz dronlar tankları əvəz edir -
Dünya 13:18 08.06.2026

NATO gələcəyin müharibəsinə hazırlaşır: Ucuz dronlar tankları əvəz edir - "The Telegraph"

Müasir döyüş meydanında pilotsuz uçuş aparatları və süni intellekt texnologiyaları getdikcə daha böyük rol oynayır. Bu səbəbdən NATO gələcək müharibələrə, xüsusilə də Rusiya ilə mümkün qarşıdurmaya yanaşmasını yenidən nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, "The Telegraph" nəşrinin hazırladığı reportajda bildirilir ki, ucuz dronların sürətli inkişafı ənənəvi zirehli texnikanın effektivliyini ciddi şəkildə azaldır və tankların döyüş meydanındakı üstünlüyünü sual altına qoyur.

Finlandiyanın şərqində, Rusiya sərhədinə yaxın ərazidə keçirilən "Şimal Ulduzu" (Northern Star) hərbi təlimləri müasir müharibənin necə dəyişdiyini nümayiş etdirib. Təlimlər zamanı Leopard 2 tankları dəfələrlə pilotsuz aparatların, tank əleyhinə bölmələrin və artilleriyanın şərti hücumlarına məruz qalaraq "məhv edilib".

Təlimlərdə NATO-nun yeddi ölkəsindən təxminən 5 min hərbçi iştirak edib. Ssenariyə əsasən, tank kolonları Finlandiyanın meşəlik ərazilərində pusquya salınaraq mobil düşmən qrupları tərəfindən qısa müddətdə aşkarlanıb və zərərsizləşdirilib.

Ukrayna müharibəsi hərbi taktikanı dəyişib

NATO komandirləri hesab edirlər ki, bu dəyişikliklərin əsas səbəbi Ukraynadakı müharibədir. Münaqişə yeni hərbi texnologiyaların sınaq meydanına çevrilib.

Ukrayna hərbçilərinin qiymətləndirməsinə görə, genişmiqyaslı işğal başlayandan bəri Rusiya təxminən 12 min tank və 24 mindən çox zirehli texnika itirib. Bu itkilərin böyük hissəsi dronlar, tank əleyhinə raketlər və minalar nəticəsində baş verib.

Alyans rəsmiləri bildirirlər ki, hazırda Ukrayna cəbhəsindəki itkilərin 90 faizdən çoxu birbaşa və ya dolayı yolla pilotsuz uçuş aparatlarının istifadəsi ilə əlaqəlidir.

NATO "dron müharibəsinə" hazırlaşır

Hərbi rəhbərlik pilotsuz sistemlərin kütləvi istehsalının və süni intellektin döyüş sistemlərinə inteqrasiyasının vacibliyini vurğulayır.

Təlimlər zamanı Britaniya hərbçiləri "Ghost" və "Bolt" adlı yeni pilotsuz uçuş aparatlarını sınaqdan keçiriblər. "Ghost" hədəflərin aşkarlanmasına və artilleriya atəşinin koordinasiyasına kömək edir, "Bolt" isə birbaşa hücum imkanlarına malikdir.

Bununla yanaşı, NATO sursatların daşınması, yaralıların təxliyəsi və kəşfiyyat məqsədləri üçün istifadə olunan pilotsuz yerüstü nəqliyyat vasitələrini də sınaqdan keçirir. Oxşar texnologiyalar artıq Ukrayna ordusunda geniş tətbiq olunur.

Finlandiya sərhədində narahatlıq artır

Təlimlər Rusiya hərbi aktivliyinin Finlandiya sərhədi yaxınlığında artması ilə bağlı narahatlıqlar fonunda keçirilib.

Finlandiyanın hərbi kəşfiyyat rəhbəri Pekka Turunen bildirib ki, Moskva şimal istiqamətində hərbi mövcudluğunu tədricən gücləndirir. Onun sözlərinə görə, Rusiya köhnə hərbi bazaları bərpa edir və Finlandiya sərhədi yaxınlığındakı ərazilərə yeni bölmələr yerləşdirir.

Finlandiya tərəfi hesab edir ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiyanın hərbi inkişafının əsas istiqamətlərindən biri NATO-nun şimal cinahı ola bilər.

2023-cü ildə NATO-ya qoşulan Finlandiya alyansın Rusiya ilə ən uzun quru sərhədinə malik ölkəsinə çevrilib. Bu sərhədin uzunluğu 1300 kilometrdən çoxdur.

Ölkənin daimi ordusunda təxminən 24 min hərbçi xidmət etsə də, Finlandiyanın 900 minə yaxın ehtiyat qüvvəsi var və qısa müddətdə 280 min nəfərə qədər səfərbərlik həyata keçirə bilir.

Finlandiyalı komandirlər bildirirlər ki, müasir müdafiənin əsasını artıq tank hücumları deyil, mürəkkəb relyef, kütləvi dron istifadəsi və yüksək texnologiyalı hədəfləmə sistemlərinin birgə tətbiqi təşkil edir.
 
Günay
--> -->