Siyasət 11:42 14.06.2022

NATO: İsveç Türkiyənin tələbləri ilə bağlı vacib addımlar atıb

İsveç Türkiyənin Stokholmun NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi ilə bağlı tələblərini yerinə yetirmək üçün mühüm addımlar atıb.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq İsveçə səfəri zamanı deyib.

"İsveçin artıq antiterror qanunvericiliyini dəyişdirməyə başlamasını və ölkənin silah ixracı üçün hüquqi bazasının müttəfiqləri qarşısında yeni öhdəlikləri olan NATO üzvünün gələcək statusunu əks etdirməsini təmin edəcəyini alqışlayıram”, - Stoltenberq mətbuat konfransında deyib. 

Baş katib bu iki mühum addımın Türkiyənin narahatlıqlarını aradan qaldırmaq üçün vacib olduğunu vurğulayıb. 

İsveçin baş naziri Andersson ölkəsinin terrorla mübarizə qanunlarını dəyişdiyini və onların daha da sərtləşmə prosesində olduğunu bildirib.

"İyulun 1-dən biz də terrorla mübarizəyə gəldikdə daha güclü qanunvericiliyə malik olacağıq. Beləliklə, İsveçin terrorizmlə bağlı nə dərəcədə güclü olduğuna və terrorizmlə mübarizədə üzərimizə düşəni etməyə hazır olduğumuza dair heç bir sual yoxdur”,- o deyib. 

Nurlan Hüseynov